Uşaqlara qoyulan bu diaqnoz YANLIŞDI!

8 Yanvar 2020 22:47 | 716
Uşaqlara qoyulan bu diaqnoz YANLIŞDI!

Uşaqların əksərinə bu yanlış diaqnozu qoyurlar-Pediatr XƏBƏRDARLIQ edib

Timus, “uşağın timusunun olması” mövzusu günümüzdə ən çox qarşıma çıxan yanlış diaqnozlarındandır.

Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim bildirib ki, əksər körpələrdə anadangəlmə xırıltılar, xışıltılar olur: “Əfsuslar olsun ki, ölkəmizdə bu tip uşaqların əksəriyyətinə məhz “timüs” diaqnozu qoyulur. Bu uşaqlara ultrasəs, rentgen müayinəsi təyin edilir, bununla xəstəliyin "dərəcəsi" təyin olunur və bununla da uzunmüddətli dərman müalicəsi başlanılır.

Əziz valideynlər bilin ki, bu doğru deyil. Körpənizə verilən bu müalicələr nəinki onun xeyrinə, tam tərsi onun gələcək inkişafına ziyandır.

Timus hər normal, sağlam körpədə var və olmalıdır. Onun varlığı qətiyyən xəstəlik deyil. Əksinə timusun olmaması təhlükəlidir. Siz isə övladınızı timusun yoxluğuna görə yox, məhz varlığına görə müalicə etdirirsiniz. Yəni sağlam uşağı xəstədir deyə dərman müalicəsinə məruz qoyursunuz.

Bəs timüs nədir?

Timus-ürəyin önündə yerləşən, immun sistemin çox vacib hissəsi olan, orqanizmi xəstəliklərdən qoruyan bir vəzdir. Körpənin böyüməsi ilə timüs da zamanla öz özünə kiçilir ki, bu da tam normal fizioloji haldır.

Bəs yaxşı körpələrdəki bu xışıltılar nədir?

Bu suala yekun formada belə cavab verə bilərik: Əgər sizin körpə rahat nəfəs alırsa, təngnəfəslik, bədənində göyərmələr yoxdursa, bu xırıltı və xışıltılar adətən burun dəliklərinin darlığı, qırtlaq sümüklərin tam inkişaf etməməsi ilə əlaqədər olur. Bu vəziyyətlər də müalicə tələb etmir, əksəriyyəti zamanla öz özünə keçib gedir. Sizə qalan bir müddət gözləmək, vaxt - vaxtında körpənizin müayinələrinə diqqət etmənizdir. Bu mövzu ilə bağlı səhv fikirlərdən biri də belə uşaqlarda peyvəndlərin təxirə salınmasıdır ki, bu da doğru deyil”.