ANEMİYA

Anemiya

 

Anemiya — qanda hemoqlobin səviyyəsinin aşağı olması ilə xarakerizə olunan xəstəlidir. Anemik hal zamanı qanda eritrositlərin səviyyəsi azalır.

 

Anemiyanın növləri

 

Anemiya simptomsuz keçə bilər və müxtəlif xəstəliklərin və patologiyaların fonunda ayrı-ayrı səbəblərdən yaranır. Bu xəstəlik zamanı oksigenin hüceyrələrə daşınması və orqanizmdəki digər proseslər üçün lazım olan hemoqlobinin səviyyəsi aşağı düşür. Anemiyadan daha çox qadınlar əziyyət çəkir, çünki onlar dəmiri gündəlik itirməklə yanaşı, onu menstruasiyalar (aybaşılar) və hamiləlik zamanı da itirirlər. Xəstəlik yüngül, orta və ağır formada keçə bilər. Anemiyanın ciddi nəticələri ola bilər, çünki o orqanizmin bütün sistemlərinə mənfi təsir göstərən hipoksiyaya gətirib çıxara bilər.

Əlamətlərinə və yaranma səbəblərinə görə anemiyanın 400-dən çox növü mövcuddur.

 

Dəmir defisitli anemiya — anemiyanın ən geniş yayılmış formasıdır, o bu xəstəliyin bütün növləri arasında bütün hallаrın 90%-ini təşkil edir. Orqanizmdə dəmir çatışmadıqda yaranır, bunun nəticəsində isə normal miqdarda hemoqlobin hasil olunmur. Çox vaxt hamilə qadınlarda müşahidə olunur, çünki bu dövrdə adi halla müqayisədə ikiqat çox dəmir tələb olunur. Əlavə dəmirdən ana bətnindəki dölün qan cisimlərinin yaranmasında istifadə olunur. Bundan başqa, ona qeyri-rasional qidalanma nəticəsində uşaqlarda rast gəlinə bilər.

 

Hemolitik anemiya. Bu xəstəlik zamanı qırmızı qan hüceyrələrinin həyat müddətinin azalması baş verir. Əksər hallarda bu anadangəlmə patologiyadır.

 

Aplastik anemiya — onurğa beyninin normal miqdarda qan hüceyrələri hasil etməməsi nəticəsində yaranan anemiya növüdür. Xəstəliyin bu nadir növü istənilən yaşda həm qadınlarda, həm də kişilərdə müşahidə olunur.

 

Hipoxrom anemiya — xəstəliyin bu növü zamanı eritrositlərin səviyyəsinin azalması nəticəsində hemoqlobinin yaranma prosesi pozulur. Bunun səbəbi dəmir çatışmazlığı, hemoqlobinin yaranmasında irsi pozuntular və qurğuşunla xroniki zəhərlənmə.

 

Posthemorragik anemiya — bu xəstəlik güclü qan itkisindən və ya güclü olmayan xroniki qanaxmalardan, tez-tez keçirilən əməliyyatlardan və ya travmalardan sonra meydana gələ bilər.

 

Pernisioz anemiya — qan hüceyrələrinin yaranmasında pozuntunun olması nəticəsində yaranan anemiya formasıdır, B12 vitamininin defisiti fonunda inkişaf edir.

 

Anemiya hamiləlik zamanı yarandıqda, o ağır nəticələrə gətirib çıxara bilər. Döl orqanizmin, xüsusən də baş beynin normal inkişafı üçün tələb olunan oksigeni yetərli miqdarda almır.Anemiyanın ağır formalarından əziyyət çəkən qadınlar hamiləliyin bətndə uşaq daşıma dövrünü daha pis keçirirlər, vaxtından əvvəl doğuş ehtimalı artır. Doğuşdan sonra infeksiyaların yaranma riski yüksəlir.

 

Anemiyanın səbəbləri

 

Anemiya halını yaradan səbəblər ya anadangəlmə, ya da ki qazanılmış ola bilər:

  • Zəif və tamdəyərli olmayan qidalanma. Az dəmir və heyvan zülalı tərkibli məhsullarla qidalanma, qan hasilatı üçün lazım olan vitaminlərin və mineralların çatışmazlığı. Anemiyaya çox vaxt vegetarianlarda rast gəlinir, çünki onlar öz rasionlarından heyvan zülalını çıxarırlar.
  • Müntəzəm qan itkisi. Qan itkisi xəstəliklər (polimenoreya, babasil, diş ətinin qanaması), ağır zədələnmələr və cərrahi müdaxilələr zamanı baş verə bilər.
  • Tez-tez donor kimi çıxış etmə. Bu halda anemiya uzun çəkmir və balanslaşdırılmış qidalanma və müvəqqəti olaraq donorluqdan imtina yolu ilə qısa zamanda müalicə olunur.
  • Bağırsaq qurdları. Mədə-bağırsaq yolunda parazitlər yarandıqda, bağırsaqda qidalandırıcı maddələrin, o cümlədən lazımi miqdarda hemoqlobinin yaranması üçün tələb olunan dəmirin mənimsənilmə prosesi əhəmiyyətli dərəcədə azalır. Buna görə də, uşaqda anemiya yarana bilər.
  • Anemiya — hamiləlik zamanı tez-tez rast gəlinən haldır, çünki dəmirə tək ananın yox, həm də doğulacaq körpənin ehtiyacı var. Bu zaman dəmirə tələbat ikiqat artır.
  • Orqanizmdə eritrositlərin həyat müddətinin azalması. Normal halda qırmızı hüceyrələr qanda təxminən 120 gün dövr edir, sonra isə parçalanırlar. Autoimmun xəstəliklər, irsi pozğunluqlar və infeksion xəstəliklər zamanı eritrositlər daha az yaşayır və vaxtından əvvəl parçalanırlar.
  • Birləşdirici toxumanın xəstəlikləri. Bu xəstəliklərə nodulyar (düyünlü) poliarteriit, revmatoid artrit, sistemli qırmızı qurdeşənəyi, Horton xəstəliyi və s. aid etmək olar.
  • Xroniki infeksion xəstəliklər, məsələn: ağciyər abssessi, vərəm, bakterial endokardit, brusellyoz, bronxial xəstəliklər, pielonefrit, osteomiyelit və s.

 

Anemiyanın əlamətləri

 

Anemiya ağır təzahürlər olmadan keçə bilər, lakin aşağıdakı simptomlar təhlükədən xəbər verə bilər:

  • tez yorulma və zəiflik, başgicəllənmə, bihuş hallar;
  • yaddaşın pisləşməsi, diqqətsizlik, zehni aktivliyin azalması;
  • təngnəfəslik və nəbzin sürətlənməsi;
  • qulaq küyləri (uğulutu, cingilti);
  • iştahasızlıq, yuxunun pisləşməsi və yuxusuzluq;
  • dəri səthinin və dodaqların solğunlaşması, göyümtül çalar alması, gözlərin altında göy dairələrin əmələ gəlməsi;
  • yaşlı insanlarda stenokardiya tutması, ürək nahiyəsində sızıldayan ağrılar yarana bilər;
  • əhval-ruhiyyənin tez-tez dəyişməsi və depressiya.

 

Anemiyanın bəzi növlərinin spesifik əlamətləri ola bilər. Dəmir defisitli anemiya zamanı təbaşir və ya torpaq yemək istəyi yarana bilər, dırnaqlar əyilir, dodaqlarda və dildə çatlar əmələ gəlir, ağızın küncləri iltihablanır və sağalmır. Bəzi hallarda qastrit, sidik sistemində pozuntular yarana bilər.

Pernisioz anemiya aşağıdakı xarakterik simptomlarla təzahür olunur: qollarda və ya ayaqlarda keyləşmə və arabir sancma hissi, zehni proseslərin pisləşməsi və dərslərdə müvəffəqiyyətin azalması, yaddaşın pozulması, yerişin qətiyyətsizləşməsi.

Anadangəlmə və ya qazanılmış hemolitik anemiya zamanı sarılıq yaranır, çünki dalaq böyük miqdarda keyfiyyətsiz eritrositləri məhv edir. Splenomeqaliya yarana bilər, bu halda dalaq xüsusi reaksiya nəticəsində böyüyür. Dalaq çoxlu miqdarda eritrosit məhv edir, buna görə də onun ölçüləri əhəmiyyətli dərəcədə böyüyür. Anemiyanın bu forması zamanı sidiyin rəngi dəyişir və tünd pivəyə bənzəməyə başlayır, çünki eritrositlər dağılarkən qana böyük miqdarda bilirubin düşür, hansı ki sidiklə birlikdə orqanizmi tərk edir.

 

Anemiyanın müalicəsi

 

Anemiyanın müalicəsi xəstəliyin formasından və onun yaranma səbəblərindən asılıdır. Ona dəmir tərkibli preparatların və vitaminlərin qəbulu, tamdəyərli qidalanma, bəzi hallarda isə qanın köçürülməsi daxildir. Anemiyanı özbaşına müalicə etmək olmaz, preparatları qan analizinə əsasən həkim təyin etməlidir. Dəmir defisitli anemiya zamanı yüksək dəmir tərkibli preparatlar təyin edilir və onları 4-6 ay ərzində qəbul etmək lazımdır. Pasiyent ciddi şəkildə pəhrizə riayət etməlidir. Bu pəhrizə ət, tərəvəzlər və təzə çəkilmiş şirələr daxil edilir. Ən çox dəmir malın dilində və donuz ətində var, tərəvəzlərin tərkibindəki dəmir orqanizm tərəfindən demək olar ki mənimsənilmir.

Anemiyanın ağır formaları zamanı dəmir preparatları venadaxili yeridilir. Pernisioz anemiya diaqnozu zamanı sianokobalamin preparatının, B12 vitamininin qəbulu təyin edilir. Hemolitik anemiyanın müalicəsinə qlükokortikosteroidlərin qəbulu daxildir, ağır hallarda isə dalağın çıxarılması icra olunur. Güclü qanaxma olduqda onu dayandırmaq lazımdır. Xroniki qan itkiləri zamanı xəstəliyin səbəblərinin aradan qaldırılması üçün müalicə təyin edilir.

Bəzi hallarda, məsələn xəstə ağır vəziyyətdə olduqda (güclü qan itkisi, şişlərin yaranması və irsi xəstəliklər zamanı), anemiyanın müalicəsi qan köçürülməsinin köməyi ilə aparılır. Aplastik anemiya cərrahi müdaxilə və iliy sümüyünün transplantasiyasını tələb edir.

 

Anemiyanın profilaktikası

 

Anemiyanın profilaktika tədbirlərinə tamdəyərli qidalanmaya riayət etmə, B12 vitamininin qəbulu, orqanizmin ümumi durumunun möhkəmləndirilməsi daxildir. Qidalanmaya dəmir və fol turşusu ilə zəngin olan məhsulları daxil etmək lazımdır. Çoxlu miqdarda dəmir heyvan mənşəli zülalın tərkibində var, buna görə də normaya uyğun olaraq yetərincə ət yemək lazımdır. Pəhrizlərə və çəkinin azaldılmasına aludə olmaq lazım deyil, çünki bu anemiyaya səbəb ola bilər. Mədə-bağırsaq yolunu normal vəziyyətdə saxlamaq lazımdır ki, qida orqanizm tərəfindən yaxşı mənimsənilsin.