HAYMORİT

Haymorit

 

Haymorit — yuxarı çənə sinuslarının (Haymor boşluqlarının) iltihabi prosesidir. Xəstəlik burunla tənəffüsü çətinləşdirir, burnun yuxarı hissəsi nahiyəsində intensiv ağrılar, burun yollarından irinli ifrazatlar və göz qapaqlarının şişkinliyi ilə təzahür olunur.

  • Haymoritin növləri
  • Haymoritin səbəbləri
  • Haymoritin əlamətləri
  • Haymoritin diaqnostikası
  • Haymoriti müalicəsi
  • Haymoritin təhlükəsi
  • Haymoritin profilaktikası

 

Statistikaya görə, haymoritdən inkişaf etmiş ölkələrin təxminən hər onuncu sakini əziyyət çəkir. Özü də, bu problemə həm böyüklərdə, həm də 6 yaşdan yuxarı uşaqlarda rast gəlinir. 5 yaşdan aşağı uşaqlarda bu xəstəlik çox nadir hallarda müşahidə olunur. Bu sinusların (Haymorboşluqlarının) fizioloji cəhətdən inkişaf etməməsi ilə izah olunur.

 

Sinusların (Haymor boşluqlarının) quruluşu və əhəmiyyəti

Sinuslar burun boşluğu ətrafında yerləşir. Onlar burun keçəcəkləri ilə birləşir. Onlardan ən böyükləri — Haymor keçəcəkləri — yuxarı çənədə yerləşir. Onlardan bir az kiçik keçəcəklər — burun və alın sümüyünün hər iki tərəfində yerləşir. Yerdə qalan sinuslar (pazşəkilli, şəbəkəli özəklər) burun sümüklərinin arxasında yerləşir. Onlar sanki kəllənin içərisinə girir. Haymorit — məhz Haymor boşluqlarının iltihabıdır.

 

Sinuslar vacib funksiyaları yerinə yetirirlər:

  • Onlar insanın aldığı havanı nəmləndirir və isidirlər. Bu kiçik tükcüklərlə örtülmüş xüsusi selikli qişanın hesabına təmin olunur. Onlar insan üçün havanı rahat edən xüsusi maye ifraz edirlər. İsitməyə gəldikdə, bu selikli qişanın qanla yaxşı təchiz olunması hesabına mümkün olur. Qanla yaxşı təchiz olunma sinusların daxilində sabit hava temperaturunun dəstəklənməsinə kömək edir.
  • Səs tembrini müəyyən edirlər.

 

Hamoritin növləri

 

Haymoritin kəskin və xroniki formaları olur.

İltihabi prosesin tipinə görə xəstəliyin kəskin forması aşağıdakı növlərə ayrılır:

  • Kataral (adi zökəmi xatırladır, göz və yanaq nahiyəsində ağırlıq hissi ilə təzahür oluna bilər).
  • İrinli (Haymor boşluqlarında irin yığılır, nəticədə ağrı olduqca güclənir).

 

Xroniki haymoriti aşağıdakı növlərə ayırırlar:

  • Kataral (burun tutqunluğu formasında dövri ağırlaşmalarla təzahür olunur).
  • İrinli (ağırlaşmalar zamanı burundan seliklə yanaşı irin də ifraz olunur).
  • Kistoz (sinuslarda kistlərə çevrilən mayeli boşluqlar əmələ gəlir).
  • Polipoz (Haymor boşluqlarında poliplər əmələ gəlir və böyüyür).

 

Həmçinin kəskin/xroniki haymorit aşağıdakı növlərə bölünür:

  • birtərəfli (iltihabi proses yalnız bir tərəfin boşluğunda müşahidə olunur),
  • ikitərəfli (iltihabi proses hər iki tərəfdəki boşluqlarda müşahidə olunur).

 

Haymor boşluqlarına infeksion agentin nüfuz etmə mənbəyi meyarına görə haymoriti aşağıdakı növlərə ayırırlar:

  • Hematogen (infeksiya birbaşa sinus boşluğuna düşür).
  • Rinogen (xəstəliyin səbəbi — vaxtında müalicə olunmamış zökəmdir).
  • Travmatik (haymorit kəllə sümüyünün ciddi zədələnməsi nəticəsində yaranır).
  • Odontogen (xəstəlik karioz dişlərə görə inkişaf edir).

 

Haymoritin səbəbləri

 

Haymorit — sinusların digər iltihabi zədələnmələri arasında ən geniş yayılmış xəstəlikdir.

Ona ekzo- və endogen amillər səbəb olur, o cümlədən:

  • Yuxarı tənəffüs yollarının infeksiyaları.
  • Allergik rinit (burun boşluğunun selikli qişası allergenin təsiri nəticəsində iltihablanır).
  • Hipotermiya (orqanizmin həddindən artıq soyuğa məruz qalması).
  • İmmunitetin zəifləməsi (məsələn, HİV fonunda).
  • Burun boşluğunun quruluşunun anatomik xüsusiyyətləri, onun anadangəlmə/qazanılmış qüsurları (poliplərin olması, burun çəpərinin yerdəyişməsi, burun keçəcəklərinin anadangəlmə ensizliyi və s.).
  • Bronxial astma (burun boşluğunda şişkinliyə səbəb olan elementlərin konsentrasiyası yüksəlir).
  • Kariyes, dişlərin köklərində patoloji dəyişikliklər (xüsusəndə yuxarı kəsici (qabaq) dişlərin).
  • Adenoidlər.
  • Xroniki tonzillit/faringit.

 

Daha az hallarda haymorit aşağıdakılara səbəb olur:

  • baş, burun zədələnmələri;
  • burun keçəcəklərinə yaxın yerləşən xoşxassəli/bədxassəli yenitörəmələr;
  • xoanaların (burun boşluğundan çıxan daxili təbii çıxıntıların) lazımınca inkişaf etməməsi;
  • mukovissidoz (bu genetik xəstəlik zamanı tənəffüs yollarında çoxlu miqdarda qatı bəlğəm toplanır, kanalcıqlar tıxaclanır).

 

Bundan başqa, haymorit törədiciləri kimi xlamidiyalar, stafilokoklar, streptokoklar, göbələklər, mikoplazma, viruslar, hemofil basillər (çöplər) çıxış edə bilərlər.

Haymoritlə xəstələnmə hallarının piki payız və qış dövrlərinə təsadüf edir. Bu əlverişsiz hava şəraiti və orqanizmin təbii müdafiə qüvvələrinin azalması ilə izah olunur.

 

Haymoritin əlamətləri

 

Kəskin haymorit adətən zökəmdən və bədən temperaturunun yüksəlməsindən başlayır.

Xəstə aşağıdakılardan şikayətlənir:

  • zəiflik;
  • baş ağrıları;
  • intoksikasiya simptomları;
  • üşütmə.

 

O alın, burun və yanaq nahiyələrində diskomfort hiss edir. Bəzən ağrı gicgahlara irradiasiya edir (yayılır). Tənəffüs çətinləşir. Sinuslar hər iki tərəfdən iltihablandığı halda, xəstə ümumiyyətlə burunla nəfəs ala bilməyə bilər (yalnız ağzını açaraq nəfəs alır). Göz yaşı kanalı tutulduğu halda, göz yaşları axır.

Xəstəliyin ən başlanğıcında burun ifrazatı rəngsiz və duru olur, lakin daha sonra o qatılaşır, yaşımtıl çalar alır.

 

Xroniki haymoritin simptomatikası bir az fərqlidir. Remissiya dövründə xəstəlik özünü heç cür büruzə vermir.

Lakin xəstə özünü soyuğa verən kimi, aşağıdakı simptomlar müşahidə olunur:

  • sıxıcı (“gözarxası”) baş ağrıları;
  • ürəkbulanma;
  • tənəffüsün çətinləşməsi;
  • zökəm;
  • temperaturun bir az yüksəlməsi;
  • sutkanın gecə vaxtında öskürək.

 

Bundan başqa, haymoritin xroniki forması zamanı keratit, konyunktivit, burun keçəcəklərinin əsaslarında çatlar aşkarlana bilər.

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Haymoritin diaqnostikası

 

Düzgün diaqnozu qoymaq üçün otolarinqoloq pasiyenti sorğu-sual edir. Xəstədə burun tutulmasınınnə qədər vaxt davam etdiyini, burun keçəcəklərindən ifraz olunan bəlğəmin xarakteristikalarını, baş ağrılarının olub olmadığını, başı qabağa əydikdə baş ağrısının güclənib güclənmədiyini, səsin dəyişib dəyişmədiyini, bədən temperaturunun yüksəlib yüksəlmədiyini, stomatoloqun yanında ağız boşluğunun sanasiyasının sonuncu dəfə nə vaxt keçirildiyini dəqiqləşdirir.

Daha sonra xəstənin müayinəsi aparılır və onun aparılması zamanı həkim yanaq nahiyələrində şişkinliyin olub olmadığını, Haymor boşluqlarını sıxdıqda xoşagəlməz hisslərin yaranıb yaranmadığını, ağrının göz yuvalarına vurub vurmadığını müəyyən edir.

Rinoskopiya — haymoritin diaqnostikasının növbəti mərhələsidir. Rinoskopun köməyi ilə LOR-həkim iltihabi prosesin simptomlarını (şişkinlik, irinləmə və s.) müəyyən etmək məqsədi ilə burun boşluğunu diqqətlə nəzərdən keçirir. İlkin diaqnozu təsdiqləmək üçün pasiyentə rentgenoloji diaqnostikaya (USM ilə əvəzlənə bilər) göndəriş verilir. Rentgen Haymor boşluqlarında toplanmış mayenin səviyyəsini müəyyən etməyə, xəstəliyin kataral formasını onun irinli formasından ayırmağa imkan verir.

Şübhələr yarandıqda, Haymor boşluqlarının punksiyası yerinə yetirilir. Onun yerinə yetirilməsi zamanı, yerli anesteziya altında burunda yuxarı çənə boşluğunun divarı deşilir. Daha sonra, şprisin köməyi ilə onun tərkibindən nümunə götürülür. İrin çıxarıldığı təqdirdə, sinus yuyulur və onun içinə iltihab əleyhinə dərman preparatları vurulur.

 

Haymoritin müalicəsi

 

Haymoritin müalicəsi aşağıdakı məqsədləri daşıyır:

  • xəstəliyin simptomlarını aradan qaldırılmaq;
  • immuniteti gücləndirmək;
  • burun sinuslarında iltihabi prosesə səbəb olmuş infeksiyanı aradan qaldırılmaq.

 

Əgər burun keçəcəklərindən irin ifraz olunmursa, müalicə konservativ ola bilər, yəni ümumi (antibiotiklər) və yerli (burun damcıları) təyinatlı dərmanların köməyi ilə aparıla bilər.

 

Haymorit zamanı ağırlaşmaların yaranmasının qarşısını almağa aşağıdakılar kömək edir:

  • desensibilizasiyaedici dərmanlar
  • antibiotiklər
  • ağrıkəsici həblər
  • vitaminlər.

 

Haymoritin operativ müalicəsi

Əgər Haymor boşluqlarında irin yığılmışdırsa, punksiya həyata keçirilir. Prosedur əvvəlcədən ağrıkəsici preparat vurulmaqla, stasionar şəraitdə yerinə yetirilir. Deşiyi burun keçəcəyinin aşağı kənarından açırlar. Onun vasitəsi ilə irin sorulub çıxarılır, sonra isə təmizlənmiş boşluq antibakterial və antiseptik məhlullarla yuyulur. Burun keçəcəyini təkrarən zədələməmək üçün, həkim açılmış dəliyə kateter yerləşdirə bilər ki, növbəti prosedurlar (adətən 5-7 prosedur tələb olunur) onun vasitəsi ilə həyata keçirilsin.

 

Haymoritin təhlükəsi

 

Haymorit aşağıdakı problemlərə gətirib çıxara bilər:

  • üzün yumşaq toxumalarının iltihablanması;
  • bronxit, otit, pnevmoniya;
  • meningit, kəllə sümüklərinin irinli iltihabı;
  • ensefalit, baş beynin abssessi;
  • göz almalarının, göz qişalarının iltihabi zədələnməsi, görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya tam itirilməsi;
  • üçlü sinirin iltihabı;
  • sepsis;
  • xroniki faringit/laringit;
  • dakriosistit;
  • xroniki rinit.

 

Haymoritin profilaktikası

 

Haymoritin qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:

  • zökəmi ağılla müalicə etmək;
  • ağız boşluğunu sanasiya etmək;
  • burun çəpərlərində əyrilikləri aradan qaldırmaq;
  • özünü çox soyuğa verməmək;
  • bədəni bərkitmək, düzgün qidalanmaq;
  • allergik reaksiyaları müalicə etmək;
  • ilin soyuq vaxtlarında vitamin-mineral komplekslər qəbul etmək.