Burun əti və eşitmə zəifliyi

1 May 2019 22:50 | 589
Burun əti və eşitmə zəifliyi

Burun ətlərinin kəsilməsi əməliyyatına barmaqarası yanaşmaq olmaz. Yalnız göstəriş olduğu halda burun əti (adenoidlər) kəsilməsinə qərar vermək lazımdır.

Burun əti ilə bağlı problemlərə əsasən uşaqlarda rast gəlinir. 1-2 yaşından etibarən həddi-buluq yaşına çatana qədər uşaqlarda belə hallar müşahidə olunur.

Adenoid dediyimiz burun əti əslində böyümüş (hipertrofiyalı) immun toxumasıdı. Normadan artıq böyüməsi burun tənəffüsünün pozulmasına gətirib çıxarır. Əsas şikayət bundan ibarət olur. Bundan başqa, narahat yatmaq, xoruldamaq, ağızın açıq yatmaq kimi şikayətlər də olur. Adenoidin də dərəcələri var. Əgər uşaqlarda narahatlıq aylarla, illərlə davam edirsə, bu artıq əməliyyata göstəriş ola bilər.

Burun əti problemi  eşitmədə də problemlər yaradır. Çünki bu hal orta qulağın havalanmasının qarşısını alır, nəticədə təbil pərdəsinin arxasında yığılan maye axaraq kanal vasitəsilə buruna tökülə bilmir, orada qalır və bu isə eşitmə azlığına gətirib çıxarır. Bu da öz növbəsində nitqi inkişaf prosesində olan uşağın nitqində problemlərə gətirib çıxarır.