Kişilər neçə yaşında klimaks keçirdir?

5 May 2019 22:43 | 1379
Kişilər neçə yaşında klimaks keçirdir?

Andropauza bir çoxu üçün o qədər də anlaşılan mövzu deyil. Odur ki, bu mövzuya toxunmaq istədik. Andropauza nədir, əlamətləri hansılardı?

Andropauzaya eyni zamanda kişilərin klimaksı da deyilir. Qadınlarda klimaks dövrü müxtəlif simptomlarla müşayiət olunsa da, kişilərdə klimaksın təzahürləri bir qayda olaraq çox da fərqlənmir. Ümumiləşdirici əlamət isə yaşlılıq və bu gerçəklikdən qorxmaqdır. Ancaq beynəlxalq səhiyyə təşkilatlarının araşdırmalarına əsasən, kişilərin 20%-i açıq-aşkar andropauzadan əziyyət çəkir və bunun təzahürlərindən şikayətçidirlər.

Kişi klimaksının əlamətləri hansılardı?

Əsasən istilənmə, tərləmə ilə müşayiət olunur. Eyni zamanda taxikardiya (sürətli ürək döyüntüsü), qan təzyiqinin düşməsi, hava çatışmazlığı və başgicəllənmələri də olur. Stressli hallarda isə sinənin sol tərəfində ağrılar baş verir. Daxili narahatlıq hissi güclənir, hadisələrə kəskin reaksiyalar verilir, qıcıqlanmalar, əsəbilik halları çoxalır, yaddaş pisləşir və düşüncələri konsentrasiya etmək qabiliyyəti azalır. Bu ərəfədə kişilər daha çox apatik vəziyyətdə olurlar.

Kişilərdə klimaks dövrü nə vaxt başlayır?

Əksər kişilər üçün kritik yaş 50 və 60 yaş arası hesab edilir. Klimaks bəzi hallarda isə 40 yaşdan sonra da başlaya bilir. Bu zaman kişilər ereksiyanın zəifləməsini hiss edirlər. Nəzərə alın ki, bu halın üzərində xüsusilə dayanmaq, təşvişə düşmək vəziyyəti daha da çəyimləşdirir. Psixoloji narahatlıq bəzən ağır nəticələrə səbəb olur və bu, bir xəstəliyə çevrilə bilir. Ona görə də kişilər çalışmalıdır ki, bu vəziyyətdən maksimum az itki ilə çıxsınlar.

Andropauza vəziyyətində olan kişilər daha çox xəyanət edir

Andropauzanın əsas səbəbi testosteron hormonunun (kişi cinsiyyət hormonu) azalmasıdır. Bu zaman cinsi istək azalır, orqazm hissi zəifləyir. Ereksiyanın zəifləməsi isə orta yaşda kişilərin ən böyük qorxusudur.

Andropauzada olan kişilərdəki dəyişikliklər, çox vaxt ətrafdakıları ciddi təəccübləndirir. Evinə, ailəsinə və işinə çox bağlı olan kişilərin bir çoxu bu bağlılıqlarından asanlıqla qopa bilir. Bu dövrdə ortaya çıxan problemlər əsasən psixoloji olur.

Onu da qeyd edək ki, cinsi həyatı nizamlı olan, sağlam həyat yaşayan, yuxusuna diqqət edən kişilər andropauzanı çox kiçik "zədələr"lə keçirirlər. Alimlərin araşdırmasına görə, andropauzanı "reanimasiya vəziyyətində" keçirən kişilərin əksəriyyəti təhsili və gəliri çox olanlardır. Hətta o da qeyd edilir ki, kişilər daha çox bu halda olarkən xəyanət edir və boşanırlar. Bildirilir ki, bu dövr ərzində özünə inamı azalan kişilər bu inamı evindən kənarda axtarmağa başlayırlar.

Ən təhlükəlisi isə odur ki, ailədə kişi ilə qadınlın klimaks dövrü eyni zamana düşsün. Bu zaman öz qayğıları ilə çarpışan qadınlar həyat yoldaşlarının problemlərinə diqqət yetirə bilmirlər. Bu isə ailədə ciddi çatlara gətirib çıxarır.

Amma heç vaxt unutmayın ki, qadın və ya kişi hansı yaşda olursa-olsun hər gün, hər il və hər yaş gözəldir. Həyatı və yaşamağı sevmək ən güclü dərmandır.