BABASİL (HEMORROY)

Babasil (Hemorroy)

 

Babasil – damarların patoloji dəyişiklikləri (genişlənməsi, əyriliyi), düz bağırsağın aşağı hissəsində hemorroidal kələflər, eləcə də qanın qatılaşması, trombların əmələ gəlməsi nəticəsində onlarda qan axınının pozulması səbəbindən yaranan kəskin iltihabi prosesdir.

  • Babasilin səbəbləri
  • Babasilin növləri
  • Babasilin əlamətləri
  • Babasilin diaqnostikası
  • Babasilin müalicəsi

 

Babasil düz bağırsağın aşağı hissəsində, daha dəqiq desək, hemorroidal kələflərdə qan dövranı funksiyalarının pozuntuları səbəbindən yaranan xəstəlikdir, hansı ki, tromboz və venaların varikoz genişlənməsi ilə müşayiət olunur və bir çox hallarda qanaxmalarla ağırlaşa bilər.

Babasilin yaranmasının səbəbi kavernoz toxuma adlandırılan damar kələflərinin patologiyasıdır. O, normal embriogenez zamanı, düz bağırsağın aşağı hissəsinin submukoz nahiyəsində yaranır.

Düz bağırsaq – həzm yolunun və yoğun bağırsağın son hissəsidir. Orqanizmdə o çanaq diafraqmasından yan keçərək büzdüm və oma sümüyü boyunca yerləşir, sakrum hissəsinin üçüncü fəqərəsinin yanından başlayaraq anal kanalda bitir.

 

Düz bağırsağın divarları üç qatdan ibarətdir:

  • Mukoz – yuxarı, aşağı və orta qatı formalaşdıran silindrik epiteli təbəqəsidir. Yuxarı və aşağı qat – sol divarda yerləşir, anusa məsafə müvafiq olaraq 5 və 8 sm təşkil edir. Orta qat sağ divarda, anusdan 6 sm hündürlükdə yerləşir;
  • Submukoz – içində limfatik və qan damarları, o cümlədən kavernoz toxuma olan birləşdirici toxumadan ibarətdir. Hemorroidal düyünlər üçün anatomik əsası təşkil edir;
  • Əzələ – daxili sirkulyar və xarici uzununa əzələlər qatıdır.

 

Daxili və xarici sfinkterlər kimi adlandırılan iki əzələ halqası düz bağırsağın bağlayıcı aparatını formalaşdırır. Daxili sfinkterin əsasını qeyri-ixtiyari yığılma qabiliyyətinə və somatik innervasiyaya malik olan düz bağırsağın sirkulyar əzələ qatı təşkil edir. Xarici əzələ halqası köndələn-zolaqlı əzələ tərəfindən formalaşır, somatik innervasiyaya malikdir və insan düşüncəsinin nəzarəti altında yığılır.

Hemorroidal kələflərin əsas funksiyası – anal kanalın qanla doldurulmasının tənzimlənməsidir. Beləliklə, onlar düz bağırsağın fəaliyyətinin təmin olunmasında, daha dəqiq desək, nəcis kütlələrinin saxlanılmasında və defekasiya prosesində birbaşa iştirak edirlər. Bu kələflərin daha bir vacib funksiyası – ətraf mühit ilə orqanizmin daxili mühiti arasında effektiv immun maneəni təmin etməkdir.

Düz bağırsağın qan dövranı funksiyalarının pozulması nəticəsində toxumada və ya orqanda hiperplastik dəyişikliklər baş verir, yəni zədələnmiş sahədə hüceyrələr çoxalır, bu isə həcmlərin böyüməsinə səbəb olur. Nəticədə hemorroidal düyünlər formalaşır.

 
Babasilin növləri

 

Hemorroidal düyünlərin anal kanalın dişli xəttinə nisbətən yerləşdiyi yerdən asılı olaraq, babasilin daxili və ya xarici forması ola bilər. Dişli xətt düz bağırsağın selikli qişası ilə anodermanın birləşdiyi yerdir və anal kanalın yuxarı sərhədini formalaşdırır. Epitelial anodermanın perianal dəridən fərqi – orada piy vəzilərinin və saç follikullarının olmamasıdır.

Daxili babasil onunla xarakterizə olunur ki, hemorroidal düyünlər düz bağırsağın yuxarı arteriyası ilə bağlıdır və nisbətən dişli xəttin daxilində yerləşirlər.
Xarici babasil diaqnozunun qoyulmasına səbəb olan hemorroidal düyünlər anal kanalın yuxarı sərhədindən xaricdə yerləşir. Belə düyünlər anusun dairəsi üzrə perianal dərinin altında bərabər şəkildə paylanmış hemorroidal kələflərin aşağı damarlarının arteriovenoz hörülməsi halında formalaşır.

Bir çox hallarda xəstəliyin qarışıq formasını müşahidə etmək olar.
Xəstəlik xroniki və ya kəskin formada keçə bilər.

Babasilin əsas ağırlaşmaları aşağıdakılardır: infeksion ağırlaşmalar, hemorroidal düyünlər nahiyəsində tromboz, qanaxmalar, hemorroidal düyünlərin düşməsi.

 

Babasilin səbəbləri

 

Babasilin inkişafına təsir edən səbəblər və amillər:

  • İrsi meyillik;
  • Tez-tez baş verən qəbizlik, bağırsağın iltihabi xəstəlikləri və şişlər nəticəsində yaranan venoz qanın durğunluğu;
  • Doğuş və hamiləlik – hamiləlik zamanı və doğuşdan sonra qadınlarda babasilin yaranma ehtimalı qarın nahiyəsində təzyiqin yüksəlməsi səbəbindən daha yüksəkdir;
  • Varikoz xəstəliyi, bronxial astma, piylənmə və bədənin aşağı hissəsində venoz qan dövranının pozulmasının digər səbəbləri;
  • İltihabi proseslərin hemorroidal kələflərə yayılması ilə müşayiət olunan kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, məsələn sistit, prostatit və s.;
  • Həddindən artıq alkoqol və acı qida qəbulu.

 

Babasilin əlamətləri

 

Babasilin klinik mənzərəsini üç simptomdan tərtib etmək olar:

  • Ağrı sindromu – bağırsağın boşaldılması və defekasiya zamanı yaranan ağrı. Onun səbəbi anal kanalın çatları və ya daxili hemorroidal düyünlərin trombozu ola bilər;
  • Qanaxma – defekasiya zamanı düyünlərin zədələnməsi nəticəsində yaranır. Əksər hallarda qanaxma aşağıdakılarla xarakterizə olunur: onun az miqdarda olması, bağırsağın boşaldıması zamanı və ya onun boşaldılmasından sonra əmələ gəlməsi, qanın al-qırmızı rəngdə olması və nəcislə qarışmaması. Xəstəliyin kəskin forması zamanı selikli ifrazatlar yarana bilər, onlar düyündə və onu əhatə edən toxumalarda iltihabi proseslərin olmasından xəbər verir. Çox vaxt onlar anal gicişmə və perianal qaşınma yaradırlar;
  • Hemorroidal düyünlərin qabarması – hemorroidal düyünləri anal kanalda saxlamaq funksiyasını daşıyan düz bağırsağın bağ aparatında yaranan dəyişikliklər nəticəsində baş verir. Xəstəliyin yaranmasının başlanğıc mərhələlərində hemorroidal düyünlər defekasiya zamanı qabarır, lakin sonra onlar öz-özünə anal kanala qayıdırlar. Patoloji proses inkişaf etdikdə, qabarma istənilən növ gərginləşmə zamanı, məsələn, ağırlıq qaldırma, asqırma, öskürək zamanı baş verir, düyünlərin yerinə düşməsi isə baş vermir.

 

Daxili babasilin xroniki forması 4 mərhələdə keçir

  • 1-ci – tez-tez baş verən qanaxmalar, defekasiya zamanı düyünlərin zədələnməsi nəticəsində diskomfort, hemorroidal düyünlər düşmür;
  • 2-ci – qanaxmalar, selikli ifrazatlar, diskomfort və anal gicişmə yaranır, düyünlərin qabarması baş verir, hansılar ki öz-özünə yerinə düşür;
  • 3-cü – anal gicişmə, diskomfort, selikli ifrazatlar, qanaxmalar, hemorroidal düyünlərin qabarması, hansıları ki pasiyent defekasiya prosesindən sonra yerinə salmalı olur;
  • 4-cü – güclü ağrı sindromu, qanaxmalar, düyünlərin tez-tez düşməsi, hansıları ki anal kanala salmaq daha mümkün olmur.

 

Bu mərhələlərdən hər biri tromboz və ya düyünlərin nekrozu və xəstəliyin ağır klinik mənzərəsinin yaranması ilə müşayiət oluna bilər.

 
Babasilin diaqnostikası

 

Xəstəliyin diaqnostikası zamanı proktoloqun konsultasiyası və müayinəsi, anoskopiya və barmaqla rektal müayinə həyata keçirilir. Anoskopiya optik və işıqlandırma sistemi sayəsində anoskopun köməyi ilə düz bağırsağa baxmaq imkanını verən xüsusi instrumental müayinədir.

Anorektal qanaxma müxtəlif xəstəliklərin, məsələn, babasilin, poliplərin, Kron xəstəliyinin və digər xəstəliklərin səbəbi ola bilər. Buna görə də, differensial diaqnostikaya zərurət yaranır.

Onu həyata keçirmək üçün hərtərəfli proktoloji müayinə və rektoromanoskopiya icra etmək lazımdır. Onkoloji xəstəliyin yaranmasından şübhələndikdə, həmçinin biopsiya da həyata keçirmək lazımdır.

Rektoromanoskopiya zamanı düz bağırsağın selikli qişası və siqmaşəkilli bağırsağın distal hissələri müayinə edilir. Bu diaqnostika üsulundan istifadə düz bağırsağın poliplərini və fistullarını, bağırsağın yenitörəmələrini istisna etməyə və daxili hemorroidal düyünləri müəyyən etməyə kömək edir.

Xəstəliyin kəskin forması zamanı instrumental müayinə tövsiyə olunmur, çünki o intensiv qanaxmaya səbəb ola bilər.

 

Babasilin müalicəsi

 

Müalicə taktikası və üsulları xəstəliyin lokallaşdığı yerdən və ağırlıq dərəcəsindən, ağrı sindromunun intensivliyindən, ağırlaşmaların olub olmamasından və müşayiət edən xəstəliklərdən asılı olaraq seçilir.

Babasilin əsas müalicə üsullarına aşağıdakılar aiddir

  • Konservativ üsullar;
  • Minimal invaziv üsullar – krioterapiya, düyünlərin rezin zolaqlarla bağlanması, infraqırmızı şuallarla koaqulyasiya və elektrokoaqulyasiya;
  • Düyünlərin biopolyar koaqulyasiyası;
  • Radikal hemorroidektomiya.

 

Xəstəlik yüngül və orta ağırlıq dərəcəsinə malik olduğu, hamiləlik və ya doğuşdan sonra yarandığı, hər hansı başqa səbəblərə görə babasilin əməliyyyatla müalicəsi mümkün olmadığı hallarda, konservativ müalicə üsullarından istifadə etmək tövsiyə olunur.

 

Konservativ üsullara aşağıdakıları aid edirlər

  • Kifayət miqdarda müntəzəm su qəbulu ilə bitki sellülozu ilə zəngin olan məhsullardan tərtib edilmiş pəhriz;
  • Ağır yüklənmələr olmadan fiziki aktivliyin artırılması;
  • Ağrıkəsici vasitələrin tətbiqi;
  • Trombolitik vasitələrdən istifadə;
  • Təyin edilmiş antibakterial terapiya;
  • İşlətmə preparatlarından istifadə;
  • Fizioterapiya;
  • Defekasiya zamanı gücənmənin olmamasını təmin edən dərman vasitələrinin və preparatların tətbiqi.

 

Dərman terapiyasının tətbiqi əsasən yerli xarakter daşıyır. Gellərdən, kremlərdən, mərhəmlərdən, babasilə qarşı şamlardan istifadə olunur. Bundan başqa, həblərdən və ya kapsullardan istifadə edən sistemli və ümumi dərman terapiyası da aparıla bilər.
Cərrahi müalicə xarici düyünlərin trombozları, pasiyentin iş qabiliyyətinin azalması ilə xəstəliyin inkişafı və konservativ üsulların effektivsizliyi zamanı təyin edilir.

İzolyasiya olunmuş daxili babasilin 1-ci və ya 2-ci mərhələsi zamanı, ağır müşayiətçi xəstəlikləri olan və ya başqa səbəblərdən üzərlərində əməliyyatın aparılması mümkün olmayan yaşlı insanların müalicəsi üçün minimal invaziv müalicə üsulları tətbiq edilir.

Hemorroidal düyünün cərrahi yolla götürülməsi xəstəliyin 3-cü və 4-cü mərhələsində, iri düyünlər və düşmüş düyünlərin trombozu zamanı tətbiq edilir.