KARİYES
Kariyes
Kariyes – diş toxumalarında qüsurların əmələ gəlməsi ilə təzahür olunan stomatoloji xəstəlikdir. Müalicə olunmadıqda diş toxumalarının dağılmasına gətirib çıxarır.
- Kariyesin növləri
- Kariyesin səbəbləri
- Kariyesin əlamətləri
- Kariyesin diaqnostikası
- Kariyesin müalicəsi
- Kariyesin təhlükəsi
- Kariyesin profilaktikası
Ən çox yayılmış xəstəlikdir – hər bir yetkin yaşlı insan həyatında heç olmasa bir dəfə diş “dəliyi” ilə qarşılaşıb. Uşaqlarda da o digər xroniki patologiyalar arasında birinci yeri tutur. Kariyesdən ən az ekvatorial ölkələrdə yaşayan insanlar əziyyət çəkir.
Kariyesin növləri
Kariyesi aşağıdakı növlərə bölmək olar:
- İnfeksion (patogen mikroorqanizmlər tərəfindən törədilir);
- Distrofik (diş toxumalarında mübadilə proseslərinin pozuntuları nəticəsində yaranır).
DST-nin təsnifatına görə kariyesin aşağıdakı formaları mövcuddur:
- Diş minasının kariyesi (dişdə tünd və ya ağ ləkə əmələ gəlir, hansı ki dentinlə sərhədə çatmır).
- Dentin kariyesi (mikroorqanizmlər dentin kanalcıqları vasitəsi ilə yayılır).
- Sement kariyesi (diş kökünü örtən sementi zədələyir).
- Dayanmış kariyes (əgər diş minerallarının intensiv yığılması müşahidə olunursa, karioz proses dayana və dişin dərin qatlarına daha yayılmaya bilər).
- Odontoplaziya (anadangəlmə stomatoloji xəstəlik).
İntensivlik dərəcəsinə görə kariyesi şərti olaraq aşağıdakı növlərə ayırırlar:
- Ağırlaşmamış kariyes. Dörd ardıcıl mərhələni keçərək inkişaf edir:
1. Ləkə kariyesi. Minada ləkə əmələ gəlir, lakin onun səthi əvvəlki kimi düz və hamar qalır. Problemin səbəbi, minanın çoxlu miqdarda mineral duzlar itirməsidir.
2. Səthi kariyes. Mina dağılır. Ləkə əl ilə toxunuşda nahamar olur.
3. Orta kariyes. Kariyes dentinə çatır, dərinləşmə - karioz boşluq əmələ gəlir.
4. Dərin kariyes. Kariyes pulpaya çatır. Ağrı yaranır. - Ağırlaşmış kariyes. Vaxtında müalicə olunmamış kariyesin ən yayılmış ağırlaşmaları arasında aşağıdakıları qeyd etmək olar:
- Periodontit. Diş kökünü əhatə edən toxumalar iltihablanır.
- Pulpit. Pulpa – dişin yumşaq toxuması iltihablanır. Xəstə güclü ağrılardan şikayətlənir.
Karioz boşluğun lokallaşdığı yerə görə kariyesin aşağıdakı növləri olur:
- Diş səthində olan təbii çuxurlarda yaranmış;
- Ağıl və kiçik ağıl dişi arasındakı kontakt səthdə yaranmış;
- Kəsici və qaflan dişlərin kontakt səthində yaranmış, lakin kəsici kənarları zədələməyən;
- Kəsici kənarlarla birlikdə qaflan və kəsici dişləri zədələyən;
- Dişin boynunu zədələmiş (çətin müalicə olunur və tez inkişaf edir).
Yaranma vaxtı meyarına görə kariyesi aşağıdakı növlərə ayırırlar:
- birincili (bir vaxtlar sağlam olan minada formalaşıb);
- ikincili (qoyulmuş plombun altında əmələ gəlib).
Stomatoloqlar kariyesin yaranmasının iki əsas səbəbini qeyd edirlər:
- Diş minasına patogen mikroorqanizmlərin mənfi təsiri. İnsanın ağız boşluğunda çoxlu sayda mikroorqanizmlər var, lakin kariogen aktivliyə yalnız laktobakteriyalar və turşu yaradan streptokoklar malikdirlər. Öz həyat fəaliyyətləri zamanı onlar diş toxumalarına dağıdıcı təsir göstərən turş parçalanma məhsullarını ifraz edirlər. Laktobakteriyaların və streptokokların çoxalmaları üçün substrat kimi karbohidratlar xidmət edirlər.
- Karbohidratların parçalanma məhsulları ilə minanın dağıdılması. Qidalanma məhsulları ilə birilikdə qəbul edilən şəkər ağızda seliyin köməyi ilə fermentasiya olunur. Nəticədə turşular– yağ, propion, qarışqa (formiat) turşuları əmələ gəlir. Onlar diş minasına və dentinə mənfi təsir göstərir.
Kariyesin yaranmasına aşağıdakı amillər də şərait yaradır:
- Ağız boşluğunun gigiyena qaydalarına riayət etməmə.
- Dişlərin quruluşunun anatomik xüsusiyyətləri (dişlərin seyrəkliyi, aralarında ərpin yaranması).
- Diş minasında fluorun çatışmaması.
- Çoxlu miqdarda yumşaq və şirin qida qəbulu.
- Tez-tez qəlyanaltı etmə.
- Seliyin kifayət miqdarda ifraz olunmaması.
- Seliyin bufer xüsusiyyətlərinin azalması (selik ağız boşluğunda yaranan qələviləri və turşuları neytrallaşdıra bilmir).
- Qeyri-rasional qidalanma, vitaminlərin və mineralların çatışmaması.
- Sağlamlıq durumunun qeyri-qənaətbəxş olması, immunitetin zəifləməsi.
- Xəstə süd dişlərinin müalicə olunmaması.
- Xəstəliyə genetik meyillik.
Karioz prosesin özünü necə büruzə verməsi onun yayılma dərəcəsindən asılıdır. Ləkə mərhələsində o gizli formada keçir. Yalnız həddindən artıq qaynar, soyuq və ya duzlu qida qəbulu zamanı dövri olaraq dişlərin həssaslığının yüksəlməsi müşahidə oluna bilər. Diş minasında ləkə yalnız onun qəhvəyi rəng almasından sonra görünməyə başlayır.
Səthi kariyes üçün aşağıdakı əlamətlər xarakterikdir:
- Müxtəlif kimyəvi qıcıqlandırıcıların təsiri altında yaranan ağrı. Qıcıqlandırıcı amil aradan qaldırıldıqdan sonra dərhal keçib gedir.
- Üzərindən basıldığı zaman, bərk qidanın çeynənməsi zamanı ağrı (diş boynu zədələndiyi halda yaranır).
- Temperatur təsirlər zamanı diskomfort.
- Dişin səthində böyük tünd çökəklik.
Orta kariyes aşağıdakı simptomlarla xarakterizə olunur:
- Qida qəbulu zamanı, küçəyə çıxan (hava soyuqdursa) zaman, üzərindən basıldığı zaman ağrı. Lakin nəzərə almaq lazımdır ki, orta kariyes zamanı ağrı hissləri heç də həmişə müşahidə olunmur. Belə ki, əgər karioz boşluq artıq dağılmış dentinlə mina arasındakı sərhəddə yerləşirsə, pasiyent ümumiyyətlə heç bir diskomfort hiss etmir.
- Dişdə iri boşluğun olması (pasiyent onu asanlıqla güzgüdə görə və ya dili ilə hiss edə bilər).
- Ağızdan xoşagəlməz iyin gəlməsi.
Dərin kariyesin əlamətlərinə aşağıdakıları aid edirlər:
- İstənilən qıcıqlandırıcı amil nəticəsində yaranan ağrı.
- Böyük ölçülü tünd rəngli karioz boşluq.
- Ağızdan xoşagəlməz iyin gəlməsi.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Kariyesi onun yaranmasından dərhal sonra aşkarlamaq çox vacibdir. Bu diş minasını demək olar ki, zədələmədən problemdən qurtulmağa imkan verəcək.
Stomatoloqların istifadə etdikləri diaqnostika üsulları araasında aşağıdakıları qeyd etmək olar:
- Xüsusi güzgünün və stomatoloji zondun köməyi ilə ağız boşluğunun vizual müayinəsi.
- Lazer. Bu üsuldan kariyesin başlanğıc mərhələlərinin və xəstəliyin gizli formalarının aşkarlanması üçün istifadə olunur. Lazer müayinəsi zamanı tətbiq olunan avadanlıq kiçik şua dəsti buraxır, hansı ki karioz boşluğa düşdükdə dəyişir. Kariyesin aşkarlanması haqqında məlumat həkimə xüsusi səs siqnalı vasitəsi ilə çatdırılır.
- Rentgenoqrafiya. Çəkilişin üç növü var: bir dişin, iki və daha çox qonşu dişlərin, panorama çəkilişi (hər iki diş sırası görünür). Rentgen gizli kariyesi aşkarlamağa kömək edir.
- Elektroodontometriya. Dişlərin həssaslığı zəif elektrik cərəyan verən cihazın köməyi ilə yoxlanılır. Elektrik cərəyan sağlam toxumalara təsir etdikdə, pasiyent heç nə hiss etmir, zədələnmiş toxumalara təsir etdikdə isə - ağrı yaranır.
- Ransillüminasiya. Ağız boşluğu fotopolimeraz ləmpə ilə işıqlandırılır, nəticədə hətta gizli kariyes belə aydın görünməyə başlayır.
- Qurutma. Kariyes seliklə örtüldükdə ləkə mərhələsində aydın görünmür. Ona görə də, xəstəliyin olmasından şübhələndikdə, stomatoloq problemli dişi qurudur və onu tamponlarla izolyasiya edir.
- Minanın vital boyanması. Əvvəlcədən qurudulmuş dişin üzərinə metilenli göy boyayıcının iki faizli məhlulunun nazik qatı vurulur. Bir neçə dəqiqədən sonra məhlul yuyulub təmizlənir. Mina zədələnmədiyi halda, rəng əvvəlki kimi qalır. Zədələnmiş yerlər isə, əksinə, aydın görünməyə başlayır.
- Lüminessent stomatoskopiya. Qaranlıq otaqda dişlərin üzərinə ultrabənövşəyi işıq yönəldilir. Belə şüalanma zamanı sağlam dişlər mavi, kariyes isə tünd ləkələr kimi görünür.
Kariyesin ləkə mərhələsində aradan qaldırılması
Patoloji prosesin yayılmasının və diş minasının sonrakı zədələnməsinin qarşısını almaq üçün, ləkə mərhələsində olan kariyes zamanı xüsusi remineralizasiya preparatlarından istifadə olunur.
Məsələn, aşağıdakılardan:
- “Remodent”;
- Kalsium qlükonat;
- Natrium xlorid və s.
Onlar diş səthinə applikasiyaların qoyulması yolu ilə və ya elektroforezin köməyi ilə vurulur.
Kariyesin bu cür deşilməsiz müalicəsi tamamilə ağrısız və təhlükəsizdir.
Kariyesin Iсоn-la müalicəsi
Iсоn – dişlərin müalicəsi üçün yeni preparatdır. O minaya asanlıqla hopan və onu bərkidən polimer komponentlərdən hazırlanıbdır. Karioz proseslə zədələnmiş minaya nüfuz edərək Iсоn onu parıltılı edir, onun turş parçalanmaya qarşı davamlılığını artırır. Təəssüf ki, bu üsul yalnız ləkə mərhələsində olan kariyes zamanı effektivdir.
Səthi, orta və dərin diş kariyesinin bor-maşınla müalicəsi
Kariyesin aradan qaldırılmasının ən çox yayılmış və ən köhnə üsuludur - bu karioz boşluğun bor-maşınla yonulması, ardınca isə yaranmış çuxurun plomblanmasıdır. Xəstənin ağrı hiss etməməsi üçün həkim ona anesteziya (iynə, aerozol) təklif edir.
Plomblama materialı qoyulmazdan əvvəl təmizlənmiş səth əlavə olaraq antiseptiklərlə və adgezivlərlə təmizlənir. “Dəlik” çox dərin olduqda, içinə araqat (prokladka) qoyulur. Yalnız bundan sonra keramik, kompozit və ya metallokeramik plomb qoyulur. Plomblama materialı donan kimi, diş cilalanır.
Kariyes minanın dağılmasına və dişin dərin qatlarının iltihablanmasına gətirib çıxarır. O vaxtında müalicə olunmadığı halda, pulpit əmələ gəlir. Bu zaman xəstə güclü ağrılardan əziyyət çəkir.
Dişin tam dağılması – bu kariyesin ən ağır nəticəsidir. Bu xəstəlik ciddi iltihabi proseslərə (meningit və s.) gətirib çıxara bilər.
Kariyesin inkişafının qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:
- İldə bir dəfə stomatoloqu ziyarət etmək;
- Dişləri yaxşı yumaq;
- Keyfiyyətli diş pastalarından və fırçalarından istifadə etmək;
- Dişlərin gigiyenik təmizlənməsini flossla (diş sapını) tamamlamaq;
- Rasional şəkildə qidalanmaq, daha çox meyvə və tərəvəzlər yemək;
- Kurslar şəklində vitamin və mineral komplekslərini qəbul etmək;
- Yeməkdən sonra şəkərsiz saqqızdan istifadə etmək.