QİÇS
QİÇS
Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) — bu HİV (İİV)-infeksiya fonunda inkişaf edən, immun sistemini zədələyən və orqanizmin müdafiə qüvvələrini zəiflədən xəstəlikdir. O CD4-limfositləri səviyyəsinin kritik azalması ilə təzahür olunur, bunun nəticəsində ikincili onkoloji və infeksion patologiyalar qarşısıalınmaz olurlar (müalicəsi mümkün olmur). QİÇS həmişə ölümlə nəticələnir.
- QİÇS-in səbəbləri
- QİÇS-in əlamətləri
- QİÇS-in diaqnostikası
- QİÇS-in müalicəsi
- QİÇS-in təhlükəsi
- QİÇS-in profilaktikası
QİÇS və HİV — onların arasındakı fərq nədədir?
QİÇS və HİV — fərqli xəstəliklərdir. İnsanda immunçatışmazlığı virusu (HİV) immuniteti zəiflədir, QİÇS isə HİV-ə yoluxmuş insanlarda yaranan patoloji hallar kompleksidir. QİÇS — HİV-in son (termal) mərhələsidir.
HİV-ə görə insanın orqanizmi zəifləyir, orqanizm sağlam insanların immun sisteminin asanlıqla öhdəsindən gələ bildiyi opportunist xəstəliklərə daha müqavimət göstərmək iqtidarında olmur. Zaman keçdikcə HİV xəstəsi olan pasiyentlərdə təhlükəli infeksiyalarla mübarizə aparmaq funksiyasını daşıyan çoxlu sayda CD4 T-limfosit hüceyrələri məhv olur. Buna görə də, immunitet xərçəngə, parazitlərə, göbələklərə və viruslara həssas olur. Tədricən QİÇS inkişaf edir.
QİÇS-ə immun hüceyrələrini zədələyən insanda immunçatışmazlığı vursunun (RNT-tərkibli viruslar) müxtəlif növləri səbəb olur. Əsas xəstəlik mənbəyi yoluxmuş insandır. O yoluxma anından dərhal sonra və xəstəliyin ilk simptomlarının yaranmasınadək virus ifraz edir.
Yoluxucu dövrə aşağıdakı mərhələlər daxildir:
- qızdırmalı;
- latent;
- ikincili xəstəliklər.
Bioloji mayelərlə ətraf mühitə ən çox virus termal mərhələdə (QİÇS) ifraz olunur.
QİÇS necə ötürülür
İnsanda immunçatışmazlığı virusu aşağıdakı yollarla ifraz olunur:
- qan;
- selik;
- onurğa beyninin (serebro-spinal) mayesi;
- sidik;
- sperma/uşaqlıq boynunun sekreti.
QİÇS aşağıdakı yollarla ötürülür:
- Cinsi yolla (oral, vaginal, anal seks zamanı).
- İnyeksiya yolu ilə (birdəfəlik şprislərdən təkrar istifadə olunduqda, tibb müəssisələrində alətlərin sterilizasiya qaydalarına riayət olunmadıqda).
- Hemotransfuziya yolu ilə (qan və qan komponentlərinin köçürülməsi zamanı).
- Perinatal yolla (xəstə anadan uşağa).
- Transplantasiya yolu ilə (daxili orqanların köçürülməsi əməliyyatları zamanı).
- Südlə (əmizdirmə zamanı).
- Peşə/məişət yolu ilə.
- Qanla (qan-qan təması).
İnsanların QİÇS-ə həssaslığı yüksəkdir.
QİÇS-in ilk əlamətləri qanda CD4-limfositlərinin miqdarı 1 mkl-də 200 hüceyrədən az olduğu zaman təzahür olunmağa başlayır. Bu göstərici 1 mkl-də 50 hüceyrədən az olduqda, xəstəliyin gedişatı qarşısıalınmaz olur. Bu zaman immun sisteminin fəaliyyətində ciddi pozuntular yaranır, xəstənin orqanizmi ikincili xəstəlikərə daha müqavimət göstərmək iqtidarında olmur.
QİÇS-in simptomları kifayət qədər müxtəlifdirlər:
- gücdən düşmə (bədən kütləsinin kəskin surətdə azalması), defekasiya pozğunluğu (gündə 3 dəfədən artıq), iştahanın olmaması,
- yerimə zamanı ayaqlarda ağrılar, tez yorulma,
- demensiya (pasiyentdə diqqətsizlik, yaddaşın pisləşməsi, depressiv pozğunluqlar müşahidə olunur),
- ürək-damar sisteminin fəaliyyətində pozuntular (döş nahiyəsində ağrı, ürək ritminin pozulması, yerimə və yüngül işin görülməsi zamanı təngnəfəslik),
- limfatik düyünlərin böyüməsi,
- miyelopatiya (ətrafların parezi, sidik ifrazının pozulması, yerişin dəyişməsi).
QİÇS həmçinin özünü bakterial, göbələk və virus infeksiyaları, xərçəng şişləri şəklində də büruzə verə bilər. Bu halda, bu xəstəliklər sürətlə inkişaf edir və onların müalicəsi effektiv olmur.
QİÇS-in olduğunu göstərən opportunist xəstəliklər
QİÇS xəstələrində müxtəlif opportunist xəstəliklər inkişaf edə bilər.
O cümlədən:
- daxili orqanların kandidozu;
- ağciyərdən kənar (ekstrapulmonar) kriptokokkoz;
- beyin limfoması;
- herpes;
- Kapoşi sarkoması;
- sitomeqalovirus infeksiyası;
- interstisial limfoid və ya pnevmosist pnevmoniya;
- MSS-nin toksoplazmozu və s.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
HİV-ə yoluxmuş insanda QİÇS-in inkişaf etdiyini, həkimlər, bir neçə diaqnostik proseduru həyata keçirərək müəyyən edə bilərlər:
- QİÇS-ə görə qan analizi (CD-limfositlər səviyyəsi 1 mkl-də 50 hüceyrəyədək azalıb, virus yüklənməsi artıb);
- PZR (polimeraz zəncirli reaksiya)-diaqnostika (qandan başqa digər bioloji mayelər də müayinə oluna bilər);
- Qanın, sidiyin biokimyəvi analizi.
Xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirmək üçün əlavə olaraq instrumental müayinələr - MRT, USM , rentgen həyata keçirilir. Onlar daxili orqanların nə dərəcədə zədələndiyini anlamağa kömək edirlər.
HİV diaqnozu qoyulmuş bütün pasiyentlər yaşayış yerləri üzrə regional QİÇS Mərkəzində qeydiyyatda durmalı və müntəzəm olaraq dispanserizasiyadan keçməlidirlər.
QİÇS xəstələri infeksion xəstəxanaların xüsusi stasionarlarında və ya bokslarında müalicə keçirlər. Onların xəstəxanaya yerləşdirilmələri mütləq deyil. Onlar yaxşı qidalanmalı, yataq rejiminə riayət etməlidirlər.
QİÇS xəstələrinə aşağıdakı dərman preparatları təyin edilir:
- İnsanda immunçatışmazlığı virusunun çoxalmasının yatırılmasına yönəlmiş antiretrovirus preparatları ("Lamivudin", "Sakvinavir", "Zidovudin" və s.). Bu qrupdan olan həblərin qəbuluna adətən HİV-ə yoluxmuş insanın növbəti müayinəsi zamanı CD4-limfositləri səviyyəsinin 1 mkl-də 350 hüceyrəyədək düşdüyü aşkarlandığı halda başlanılır. Antiretrovirus preparatları ilə terapiyanın fasiləsiz olması çox vacibdir.
- İkincili opportunist patologiyaların profilaktikası və müalicəsi üçün nəzərdə tutulmuş medikamentlər, kriptokokkoz və kandidoz zamanı göbələk əleyhinə vasitələr ("Flukonazol", "Nistatin"), toksoplazmoz zamanı — "Kalsium folinat " + "Pirimetamin" + "Sulfadimezin" preparatlarından istifadə olunur. Əgər QİÇS fonunda herpes inkişaf etmişdirsə, virusəleyhinə vasitələr (“Valasiklovir”, “Asiklovir”), sitomeqalovirus infeksiyası zamanı isə — “Qansiklovir” tətbiq olunur. Pnevmosistoz zamanı “Baktrim”, “Biseptol”, Kapoşi sarkoması zamanı isə — "Vinblastin", "Prospidin" təyin edilir.
QİÇS-in təhlükəsi
QİÇS — ölümcül xəstəlikdir. Həyat əhəmiyyətli daxili orqanların zədələnmələri kifayət qədər ciddiləşdiyi və qan dövranında pozuntular yarandığı zaman ölüm baş verir.
QİÇS xəstələri nə qədər yaşayırlar
HİV-infeksiyanın son mərhələsi bir ildən üç ilədək davam edir.
QİÇS-in inkişaf etməsini istəməyən HİV-infeksiya xəstələri aşağıdakıları etməlidirlər:
- QİÇS Mərkəzində müntəzəm olaraq həkimin qəbuluna düşməli və onun tövsiyələrini yerinə yetirməlidirlər;
- virus yüklənməsinin müəyyən olunması üçün vaxtı-vaxtında qan analizləri və immunoqrammalar verməlidirlər;
- hər il (və ya daha tez-tez) opportunist xəstəliklərin aşkarlanmasına yönəlmiş müayinələrdən keçməlidirlər.
HİV-ə yoluxmuş insanda CD4-limfositlərin səviyyəsi 1 mkl-də 350 hüceyrəyədək azaldığı halda, o dərhal xüsusi preparatların qəbuluna başlamalıdır. Yalnız vaxtında başlanılmış yüksək aktivliyə malik olan antiretrovirus terapiya HİV-in QİÇS-ə keçməsinin qarşısını almağa kömək edir.