ŞƏKƏRLİ DİABET
Şəkərli diabet
Şəkərli diabet — insulin çatışmazlığı və qanda qlükoza səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində metabolik proseslərin pozulmasıdır. Bu xroniki və bir çox hallarda proqressiv xəstəlikdir. Qanda şəkərin səviyyəsinin qeyri-sabitliyi ölümlə nəticələnən hallara (hiper- və hipoqlikemik koma nəzərdə tutulur) gətirib çıxara bilər.
- Xəstəliyin təsviri
- Şəkərli diabetin səbəbləri
- Şəkərli diabetin əlamətləri
- Şəkərli diabetin diaqnostikası
- Şəkərli diabetin müalicəsi
- Şəkərli diabet zamanı pəhriz
- Şəkərli diabetin təhlükəsi
- Şəkərli diabetin profilaktikası
Statistik məlumatlara görə diabet maddələr mübadiləsinin ən çox yayılmış pozuntuları siyahısında 2-ci yerdə durur (1-ci yerdə piylənmədir). Bütün dünyada o təxminən əhalinin onda bir hissəsində müəyyən edilmişdir. Lakin nəzərə alsaq ki, bu patologiya simptomsuz keçə bilər, alimlər güman edirlər ki, real göstərici bundan qat-qat yüksəkdir.
İnsulinin əhəmiyyəti
Şəkərli diabet — insulin çatışmazlığının nəticəsidir. Onun üçün zülal, karbohidrat və yağ mübadiləsi pozğunluqları xarakterikdir. Karbohidratların mübadiləsində iştirak edərək, insulin qaraciyərdə qlikogenin sintezini və utilizasiyasını təmin edir, karbohidrat birləşmələrinin parçalanmasının qarşısını alır.
Zülal mübadiləsi zamanı insulin nuklein turşularının və zülalın sintezini aktivləşdirir, sonuncunun parçalanmasına imkan vermir. Bu komponentin yağ mübadiləsinə təsiri haqqında danışsaq, hepatositlərin qlükoza ilə təchiz olunma sürətinin yüksəlməsini, energetik hüceyrə proseslərinin işə salınmasını, yağların parçalanma sürətinin azalmasını və yağ turşularının sintezinin yaxşılaşdırılmasını qeyd etmək olar. Bundan başqa, kifayət miqdarda insulin olmadan hüceyrələrin natriumla təchiz olunması qeyri-mümkündür.
Xəstəliyin formaları
Ağırlıq dərəcəsinə görə diabeti yüngül, orta və ağır formalara bölürlər. Xəstəliyin 4 əsas kliniki forması mövcuddur:
- 1-ci tip (insulindən asılı) şəkərli diabet. 35 yaşadək olan insanlarda və balaca uşaqlarda aşkarlanır. Təbii insulin hasilatının tam dayanması nəticəsində yaranır, buna görədə xəstələrə bu hormonu inyeksiya yolu ilə vurmaq lazım olur;
- 2-ci tip (insulindən asılı olmayan) şəkərli diabet. İnsanlarda 40-50 yaşdan sonra, toxumaların insulinə anomal həssaslığı səbəbindən yaranır. Şəkərin mənimsənilmə pozuntusu ilə təzahür olunur və insulinin inyeksiya yolu ilə vurulmasını tələb etmir;
- Simptomatik (ikincili) şəkərli diabet. Başqa bir xəstəliyin (məsələn, mədəaltı vəzi xəstəliyinin) nəticəsidir. Həmçinin, uzunmüddətli dərman qəbulu nəticəsində yarana bilər, anadangəlmə genetik patologiyaların nəticəsi ola bilər;
- Uşaqlıq dövründə pis qidalanma ilə bağlı olan şəkərli diabet. Ondan adətən tropiklərdə yaşayan insanlar əziyyət çəkirlər.
Hamilə qadınlarda hestasion şəkərli diabet ayrıca bir qrupa aid edilir.
Kompensasiya səviyyəsinə görə xəstəliyi aşağıdakı növlərə ayırırlar:
- kompensasiya (pasiyent əhvalından şikayətlənmir, acqarına şəkərin səviyyəsi —7 mmol/l-dək, gün ərzində —9 mmol/l-dəkdir);
- subkompensasiya (simptomları gizlidir, qanda şəkərin səviyyəsi 8-11 mmol/l arasında dəyişir);
- dekompensasiya (insan ümumi halsızlıqdan şikayətlənir, şəkərli diabet simptomları aydın təzahür olunur, şəkərin səviyyəsi 11 mmol/l-dən artıqdır).
1-ci və 2-ci tip şəkərli diabetin ən çox yayılmış formalarıdır. Xəstəliyin insulindən asılı formasına insulin hasil edən ß-hüceyrələrin dağılması və mədəaltı vəzinin autoimmun zədələnməsi səbəb olur.
Patologiyanın səbəbləri aşağıdakılardan sonra yaranır:
- məxmərək, viruslu hepatit, parotit (“svinka”);
- orqanizmə zəhərləyici təsir göstərən pestisidlər, nitrozaminlər, dərmanlar və s.
Məhz bu xəstəliklər mədəaltı vəzi hüceyrələrinin dağılmasına səbəb olurlar. ß-hüceyrələrin 80%-dən çoxunun zədələnməsindən sonra şəkərli diabetin ilk əlamətləri ortaya çıxır.
İnsulindən asılı olmayan şəkərli diabet üçün toxumaların insulinə davamlılığı xarakterikdir. Bu zaman qanda bu hormonun səviyyəsi normal və ya yüksəlmiş ola bilər, lakin hüceyrələr onu mənimsəmirlər. 2-ci tip şəkərli diabetdən bütün xəstələrin təxminən 85-90%-i (əsasən yaşlı insanlar) əziyyət çəkir. Artıq çəkili insanlarda o insulinin piy toxumalarından keçə bilməməsi nəticəsində inkişaf edir.
2-ci tip şəkərli diabet zamanı insulinin mənimsənilməməməsi nəticəsində hüceyrələrə daxil olan qlükoza miqdarı kəskin surətdə azalır, qanın tərkibindəki isə — çoxalır. Belə olan halda, orqanizm qlükozanın mənimsənilməsinin kompensator mexanizmlərini işə salır. Nəticədə toxumalarda sorbitol, qlikozaminoqlikanlar və qlikasiya olunmuş hemoqlobin toplanır. Sorbidol kataraktanın, neyropatiyanın, mikroangiopatiyaların inkişafına səbəb olur, qlikozaminoqlikanlar damarları zədələyir.
Çatışmayan enerjini almaq üçün, orqanizm zülalı dağıtmağa başlayır. Bu əzələ distrofiyasına gətirib çıxarır. Piylərin peroksidləşməsi prosesi aktivləşir, keton cisimləri (toksik parçalanma elementləri) toplanmağa başlayır.
Artıq şəkəri çıxarmaq üçün, şəkərli diabetin insulindən asılı formasından əziyyət çəkən xəstədə sidik ifrazı çoxalır. Qlükoza ilə birlikdə orqanizmdən çoxlu miqdarda maye çıxır. Susuzlaşma yaranır. Qlükoza defisitinə görə enerji ehtiyatları da azalır – pasiyent sürətlə çəki itirməyə başlayır.
Şəkərli diabetin yaranmatəhlükəsini artıran amillər arasında həkimlər aşağıdakıları qeyd edirlər:
- artıq çəkinin olması;
- irsi meyillik (pasiyentlərin təxminən 9%-ində — bu qohumları arasında şəkərli diabet xəstələri olan insanlardır);
- yanlış qidalanma (çoxlu miqdarda karbohidrat qəbulu fonunda sellülozun çatışmaması);
- diabetogen dərmanların qəbulu (diuretiklər, qlükokortikoid hormonlar, sitostatiklər, hipotenziv vasitələr və s.);
- ürək-damar xəstəlikləri.
1-ci tip şəkərli diabet həmişə sürətlə, 2-ci tip isə — əksinə, tədricən inkişaf edir. Xəstəliyin simptomsuz keçməsi də istisna edilmir. İnsulindən asılı olan və asılı olmayan kliniki formalar özlərini fərqli şəkildə büruzə verirlər.
Ümumi simptomlar arasında aşağıdakıları qeyd etmək olar:
- ağızda quruluq, xəstəni 7-10 litr su içməyə vadar edən keçməyən yanğı;
- sidik ifrazının çoxalması və tez-tez baş verməsi (poliuriya);
- iştahanın artması (polifagiya);
- dəridə, selikli qişalarda yandırma/qaşınma/quruluq, irinli törəmələr;
- tez yorulma, yuxusuzluq, iş qabiliyyətinin azalması;
- görmə qabiliyyətinin pisləşməsi;
- qıcolmalar.
1-ci tip diabetin əlamətləri
1-ci tip şəkərli diabet, yuxarıda qeyd olunan simptomlardan başqa, özünü aşağıdakı əlamətlərlə də büruzə verə bilər:
- ürəkbulanma, qusma;
- sürətli çəki itkisi.
Uşaqlarda sidik ifrazının pozulması (xüsusən də gecə vaxtlarında) müşahidə oluna bilər.
Şəkərli diabetin bu forması zamanı çox vaxt təcili tibbi tədbirlərin görülməsini tələb edən hipoqlikemik və hiperqlikemik hallar yaranır.
2-ci tip şəkərli diabetin əlamətləri
2-ci tip şəkərli diabet, ümumi əlamətlərdən başqa, özünü aşağıdakı simptomlarla da büruzə verir:
- yaraların sağalma proseslərinin gecikməsi;
- ayaqların keyləşməsi;
- paresteziya;
- üzdə saçların əmələ gəlməsi və onların ayaqlarda tökülməsi;
- bədəndə ksantomaların (sarımtıl rəngdə fırların) əmələ gəlməsi;
- balanopostit.
İnsulindən asılı şəkərli diabet inkişaf etdikcə metabolizmin bütün növləri pozulur, immunitet əhəmiyyətli dərəcədə zəifləyir. Xəstəlik uzun müddət davam etdikdə, osteoporoz (sümük toxuması dağılır) müşahidə olunur, oynaqlarda, sümüklərdə ağrılar, eləcə də, əlilliyə gətirib çıxara bilən oynaq və fəqərə burxulmaları və çıxıqları yaranır.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Şəkərli diabetin olması acqarına kapillyar qanın tərkibində çoxlu miqdarda (6,5 mmol/l-dən artıq) qlükozanın olması ilə təsdiqlənir. Sağlam insanların sidiyində qlükoza olmur, çünki onun yaranmasına böyrək filtri mane olur. Lakin qanda onun səviyyəsi 8,8-9,9 mmol/l göstəricisinədək yüksəldiyi halda, böyrəklərin fəaliyyəti pozulur — qlükoza sidiyə düşür.
Bu xəstəliyin olmasından şübhələndikdə, pasiyentə müayinə təyin edilir.
O aşağıdakı göstəricilərə görə bir sıra analizlərin verilməsini nəzərdə tutur:
- kapillyar qanda qlükozaya görə;
- sidikdə keton cisimlərinə və qlükozaya görə;
- qlikohemoqlobinə görə;
- qanda insulinə və C-peptidinə görə (1-ci tip zamanı bu göstəricilər aşağı olur, 2-ci tip zamanı isə — demək olar ki dəyişmir).
Bundan başqa, xəstə xüsusi yükləyici testdən keçir. O acqarına və şirin maye qəbulundan bir-iki saat sonra şəkər səviyyəsinin müəyyən edilməsini nəzərdə tutur.
Test birinci ölçmə zamanı 11,1 mmol/l, ikinci ölçmə zamanı isə 6,6 mmol/l göstərdiyi halda müsbət (pozitiv) sayılır. Acqarına qlükoza səviyyəsinin 6,5 mmol/l-dən, 1-2 saatdan sonra isə 7,7 mmol/l-dən az olması xəstəliyin olmamasından xəbər verir.
Şəkərli diabetin ağırlaşmalarını istisna etmək üçün əlavə olaraq aşağıdakı müayinələr həyata keçirilə bilər:
- reoensefaloqrafiya;
- ayaqların reovazoqrafiyası;
- böyrəklərin USM-i;
- beynin EEQ-i.
Diabetin müalicəsi aşağıdakılara yönəlir:
- bütün metabolik prosesləri normaya salmaq;
- qanda qlükoza səviyyəsini normal göstəricilərədək aşağı salmaq;
- ciddi ağırlaşmaların yaranmasının qarşısını almaq.
Onun əsasını diyetoterapiya təşkil edir. Xəstənin rasionu onun cinsi, yaşı, çəkisi və fiziki aktivliyi nəzərə alınmaqla seçilir. İnsulindən asılı xəstəlik zamanı karbohidratları sutka ərzində eyni vaxtda qəbul etmək lazımdır. Bu insulin inyeksiyalarının edilməsi yolu ilə şəkərin səviyyəsinə nəzarət etməyə və, lazım olduqda, onu korreksiya etməyə imkan verir. Həmçinin, yüksək yağlılığa malik olan qidadan imtina etmək vacibdir.
İnsulindən asılı olmayan forma zamanı rasiondan bütün şirin yeməkləri tamamilə çıxarmaq lazımdır. Bundan başqa, qəbul edilən yeməklərin ümumi kaloriliyini də azaltmaq vacibdir. Diabetiklər kiçik porsiyalarla qidalanmalıdırlar. Onlara tərkibində şəkər əvəzləyiciləri (fruktoza, aspartam və s.) olan məhsullar tövsiyə edilir.
Pəhriz yalnız yüngül dərəcəli şəkərli diabetin simptomlarını aradan qaldırmağa imkan verir. Qalan hallarda dərmanlarsız keçinmək mümkün deyil. 1-ci tip zamanı insulinoterapiyadan, 2-ci tip zamanı isə — şəkəri azaldan dərman preparatlarından istifadə olunur.
İnsulinoterapiya
İnsulini sidikdə və qanda qlükoza səviyyəsinə daima nəzarət edərək vurmaq lazımdır.Təsir xüsusiyyətlərinə görə insulinlərin qısa, uzun və ortamüddətli növləri olur. Uzunmüddətli təsirə malik olan preparatlar sutkada 1 dəfə vurulur. Onlar çox vaxt xəstəliyin tam kompensasiyası üçün digər iki insulin növü ilə paralel olaraq təyin edilir.
İnsulin dozasının aşılması qanda şəkərin səviyyəsinin kəskin sürətdə azalmasına gətirib çıxarır, bu isə həyat üçün təhlükəli olan hipoqlikemik koma halına səbəb ola bilər. Buna görə də, həkim tərəfindən tövsiyə olunan müalicə sxeminə riayət etmək vacibdir.
İnsulinoterapiyanın yan təsirlərinə aşağıdakıları aid edirlər:
- inyeksiya yerində şişkinlik, ağrı və qızartı;
- allergik reaksiyalar;
- lipodistrofiya (piy toxuması insulinin yeridildiyi yerdə sanki batır).
Şəkəri azaldan preparatlar
Şəkəri azaldan həblər pəhrizə əlavədir.
Onların aşağıdakı növləri mövcuddur:
- biquanidlər ("Siofor"). Bağırsaq tərəfindən qlükozanın sorulmasının qarşısını alır, onunla periferik toxumaları hopdururlar;
- sulfoniomoçevina preparatları. Mədəaltı vəzi hüceyrələri tərəfindən insulin sintezinə şərait yaradır, toxumalar tərəfindən şəkərin mənimsənilməsinə kömək edirlər;
- alfa-qlükozidaza inhibitorları. Qanda şəkərin səviyyəsinə nəzarət edir, onun kəskin surətdə yüksəlməsinin qarşısını alırlar. İnsulin sintezini yaxşılaşdırırlar;
- meqlitinidlər. Qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salırlar;
- tiazolidindionlar. Qaraciyər tərəfindən ifraz olunan şəkərin səviyyəsini azaldırlar.
Şəkərli diabetin istənilən tipindən əziyyət çəkən artıq çəkili insanlar öz durumlarını yaxşılaşdırmaq üçün öz çəkilərini normaya salmalıdırlar.
Şəkərli diabet zamanı aşağıdakıları yemək olar:
- qara çörək;
- tərəvəzlərdən, ətdən və balıqdan istifadə olunaraq bişirilmiş bulyonlar;
- quş əti, mal əti, balıq;
- tərəvəzlər;
- yarmalar, makaronlar, paxlalı bitkilər;
- toyuq yumurtası
- turş giləmeyvələr, meyvələr;
- turş süd məhsulları (miqdarını müalicəni aparan həkimlə dəqiqləşdirmək lazımdır);
- çay, təbii kofe, şirələr (ən çoxu 5 stəkan içmək lazımdır);
- bitki/kərə yağı;
- südlü souslar.
Aşağıdakıları yemək olmaz:
- un məmulatları, şirniyyat;
- xardal, istiot;
- hisə verilmiş məhsullar, konservlər, turşular;
- alkoqol;
- piy;
- şirin quru meyvələr.
Diabetdən əziyyət çəkən insanlar tez-tez endokrinoloqun yanında yoxlanılmalıdırlar. Bu xəstəliyi zərərsiz adlandırmaq olmaz.
O aşağıdakılara gətirib çıxarır:
- polinevropatiya (ətrafların şişməsi və onların həssaslığının azalması);
- angiopatiya (damarların nüfuz etmə qabiliyyətinin yüksəlməsi);
- rinopatiya (gözlərin torlu qişasının [retinasının], venalarının, arteriyalarının və kapillyarlarının dağılması, torlu qişanın [retinanın] laylanması);
- nefropatiya (böyrək çatışmazlığı, böyrək funksiyalarının pozulması);
- diabetik ayaq pəncəsi (aşağı ətraflarda qan dövranının pozulması, ayaqlarda ağrılar, ayaq pəncələrinin oynaqlarının və sümüklərinin dağılması).
Diabet zamanı hiper- və hipoqlikemik koma letal nəticəyə gətirib çıxara bilər.
1-ci tip diabetin profilaktikası immunitetin artırılmasını, toksik agentlərin mədəaltı vəziyə zəhərləyici təsirinin aradan qaldırılmasını nəzərdə tutur. 2-ci tip diabetin yaranmasının qarşısını almaq üçün çəkiyə nəzarət etmək, düzgün qidalanmaq lazımdır.