SİSTİT

Sistit

 

Sistit – sidik kisəsinin selikli qişasının iltihabıdır, hansı ki əksər hallarda infeksiya nəticəsində yaranır. Bu xəstəliyə həm kişilərdə, həm də qadınlarda rast gəlinir, lakin sonuncularda qadın orqanizminin anatomik xüsusiyyətlərinə görə daha çox. Məsələ ondadır ki, qadınlarda sidik kanalı kişilərlə müqayisədə daha qısa ve genişdir, buna görə də törədici üçün sidik kisəsinə düşmək daha asandır.

  • Sistitin növləri
  • Sistitin səbəbləri
  • Sistitin əlamətləri
  • Sistitin diaqnostikası
  • Sistitin müalicəsi
  • Sistitin profilaktikası

 

Sistitin növləri

 

Gedişatının xüsusiyyətlərinə görə sistitin iki formasını qeyd edirlər – kəskin və xroniki. Kəskin sistit orqanizmin ümumi hipotermiyasından sonra yaranır.

Onun üçün aşağıdakılar xarakterikdir:

  • Tez-tez ağrı ilə müşayiət olunan sidik ifrazı;
  • Cinsi orqanlar, anus nahiyələrində, ayaqların arasında diskomfort;
  • Sidiyin bulanıq olması (onun tərkibində çoxlu miqdarda leykosit, sidik kisəsinin selikli qişasının və bakteriyaların skvamoz hüceyrələri var);
  • Bədən temperaturunun yüksəlməsi.

 

Xroniki sistit adətən ikincili xəstəlikdir. Onun üçün kəskin forma zamanı müşahidə olunan, lakin o qədər də güclü ifadə olunmayan simptomlar xarakterikdir.

 

Amilinə görə sidik kisəsi divarlarının iltihabını aşağıdakı növlərə ayırırlar:

  • Qeyri-spesifik (şərti-patogen mikroflora – eşerixiya, stafilokok, kandida, klebsiyella, enterobakteriyalar, protey nəticəsində yaranır);
  • Spesifik (vərəm və ya sifilis, ureaplazmoz, xlamidioz kimi zöhrəvi xəstəliklər nəticəsində yaranır).

 

Həmçinin həkimlər aşağıdakı növləri qeyd edirlər:

  • Həyata keçirilmiş şua terapiyası nəticəsində yaranmış postradial sistit;
  • İltihabi prosesin sidik kisəsinin bütün təbəqələrini bürüdüyü interstisial sistit (sidik kisəsinin divarları qırışır və çapıq toxuması ilə əvəzlənir).

 

Sistitin səbəbləri

 

Sistitin infeksion və qeyri-infeksion səbəbləri ola bilər. Sidik kisəsinin yoluxması dörd yolla baş verə bilər:

  • Enmə yolu (İnfeksiya iltihablanmış böyrəkdən nüfuz edir).
  • Qalxma yolu (İnfeksiya agentləri sidik kisəsinə xarici mühitdən düşür).
  • Limfogen (infeksiya adətən iltihablanmış cinsi orqanlardan düşərək limfatik damarlar vasitəsi ilə hərəkət edir).
  • Hematogen (infeksiya qan axını ilə yayılır və sidik kisəsinə ayrı-ayrı irinli ocaqlardan düşür).

 

Sistitin qeyri-infeksion səbəblərinə aşağıdakılar aid edilir:

  • Sidik kisəsinin selikli qişalarının iltihablanması şəklində təzahür olunan allergiya;
  • İmmun və sinir sistemlərinin fəaliyyətində pozuntular;
  • Kimyəvi yanıqlar (tibbi personalın və ya pasiyentin diqqətsizliyi nəticəsində həkim tərəfindən təyin olunmuş preparatlar əvəzinə başqa preparatların birbaşa sidik kisəsinə vurulması);
  • Qarnın aşağı hissəsində, qasıq nahiyəsində aparılan şua terapiyası.

 

Sistitin inkişaf etmə riskini artıran amillər arasında aşağıdakıları qeyd etmək olar:

  • Azhərəkətli həyat tərzi;
  • Orqanizmin hipotermiyası;
  • Dar alt paltarlarının geyilməsi;
  • Cinsi partnyorların tez-tez dəyişdirilməsi, maneəli kontrasepsiya üsullarının istifadəsindən imtina;
  • Şəxsi gigiyena qaydalarına riayət etməmə;
  • Daxili orqanların xroniki xəstəlikləri;
  • Həddindən artıq yorulma, hipovitaminoz;
  • Sidik kisəsinin boşaldılması ilə bağlı pozuntular;
  • Orqanizmin müdafiə qüvvələrinin azalması;
  • Sidik kisəsində yad cisimlərin olması;
  • Həkim manipulyasiyaları – kateterizasiya, uretroskopiya.

 

Sistitin əlamətləri

 

Qadınlarda və kişilərdə ən çox rast gəlinən sistit simptomları arasında aşağıdakıları qeyd etmək olar:

  • Yüksək bədən temperaturu;
  • Zəiflik, tez yorulma;
  • Sidik ifrazı zamanı sidik kisəsinin boşaldılmasının sonunda güclənən ağrı;
  • Tez-tez sidik ifraz etmək istəyi (təxminən hər yarım saatdan bir);
  • Qarnın aşağı hissəsində, qasıq nahiyəsində ağrılar;
  • Sidik ifrazından sonra sidik kisəsinin tam boşalmaması hissi;
  • Sidiyin bulanıq olması (qan qatışığı ola bilər);
  • Sidik ifrazı zamanı sidik kanalından irinli ifrazatlar;
  • Fertil yaşda olan qadınlarda menstrual dövrün pozulması.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Sistitin diaqnostikası

 

Sistitin diaqnostikası özünə klinik və laborator müayinələri daxil edir. Əvvəlcə həkim pasiyentin şikayətlərini dinləyir və onun qarnını palpasiya edir (qarnın üstündən basıldıqda xəstə ağrı hiss edir).

Daha sonra aşağıdakı analizlər və müayinələr həyata keçirilir:

  • Sidiyin ümumi analizi (onun sıxlığı, rəngi və bəzi başqa parametrləri araşdırılır).
  • Qanın ümumi analizi (iltihabi prosesin simptomlarının müəyyən edilməsinə yönəlib – EES-in (Eritrositlərin enmə sürətinin) və leykositlərin səviyyəsinin yüksəlməsi).
  • Qanın biokimyəvi analizi (qanın tərkibində duzların, zülalın, nitratların və s. miqdarı müəyyən edilir).
  • Sistit törədicisinin aşkarlanması və onun antibakterial preparatlara qarşı həssaslığının müəyyən edilməsi üçün sidiyin əkilməsi müayinəsi.
  • Cinsi yolla ötürülən infeksiyalara (kandidoz, mikoplazmoz, trixomoniaz, ureaplazmoz, süzənək (qonoreya), qardnerellez, xlamidioza görə analizlər).
  • Sidik axınının müayinəsi (urofloumetriya).
  • Böyrəklərin, sidik kisəsinin USM-i (sidik kisəsinin və onun ətrafındakı toxumaların ölçülərini, formasını və vəziyyətini müəyyən etməyə imkan verir).
  • Uroloji müayinə.
  • Biopsiya ilə sistoskopiya. Sidik kisəsinə ucunda videokamera bərkidilmiş borucuq daxil edilir. Pinsetlə orqanın divarından nümunə götürülür, daha sonra isə o mikroskop altında müayinə edilir.

 

Bu yayılmış xəstəliyin hərtərəfli diaqnostikasını istənilən tibbi urologiya mərkəzində keçmək olar.

 

Sistitin müalicəsi

 

Sistit zamanı infeksiyanın yayılmasının qarşısını almaq üçün antibiotiklərdən istifadə olunur. Antibiotiklərlə terapiya kursları optimal hesab edilir. Ən yaxşı nəticələri ftorxinolonlar qrupundan olan antibiotiklər əldə etməyə kömək edir. Təcrübə göstərir ki, qalan antibiotiklər sidik kisəsinin selikli qişasının iltihabına ən çox səbəb olan bakteriyalara qarşı o qədər də effektiv deyillər.

 

Hamiləlik zamanı sistitin müalicəsi

Hamiləlik zamanı sistitə kifayət qədər tez-tez rast gəlinir. O onunla təhlükəlidir ki, o piyelonefritin inkişafına səbəb ola bilər. Böyrəklərin iltihabı, öz növbəsində, hamiləliyin ağır keçməsinə, gecikmiş gestoza, böyrək çatışmazlığına və digər ağırlaşmalara səbəb ola bilər.

 

Sistitin profilaktikası

 

Sistitin yaranmasının qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:

  • Sidik kisəsini vaxtında boşaltmaq;
  • Hipotermiyaya yol verməmək, hava şəraitinə uyğun paltar geyinmək;
  • Şəxsi gigiyena qaydalarına riayət etmək;
  • Menstrual qanaxma zamanı tamponları/bezləri vaxtında dəyişmək;
  • Yalnız neytral, zərərsiz yuyucu vasitələrdən istifadə etmək;
  • Gündə ən azı 1,5 litr maye qəbul etmək;
  • Keyfiyyətli təbii parçalardan hazırlanmış rahat alt paltarları geyinmək;
  • Düzgün qidalanmaq, bağırsağın fəaliyyətini normallaşdırmaq;
  • Spirtli içkilərin həddindən artıq qəbulundan imtina etmək.