STOMATİT

Stomatit

 

Stomatit – ağız boşluğunun selikli qişasının zədələnməsidir.

  • Stomatitin növləri
  • Stomatitin səbəbləri
  • Stomatitin əlamətləri
  • Stomatitin diaqnostikası
  • Stomatitin müalicəsi
  • Stomatit zamanı pəhriz
  • Stomatit nə ilə təhlükəlidir
  • Risk qrupu
  • Stomatititn profilaktikası
 
Stomatitin növləri

 

Gedişatının müddətindən və simptomların intensivliyindən asılı olaraq, bu xəstəlik iki formada keçə bilər – kəskin və xroniki.

Uşaqlarda və böyüklərdə kəskin stomatit sürətlə inkişaf edir və tezliklə yox olur. Lakin onu keçirmiş insanlarda residivə yüksək meyillik olur.

Xroniki stomatit çətin müalicə olunur və uzun müddət davam edir. Köhnə ocaqların lokallaşdığı yerdə daima yeni ocaqlar yaranır (residivləşən forma). Vaxt keçdikcə ağızın selikli qişasının distrofiyası yarana bilər. Bundan başqa, xəstəlik xroniki formada inkişaf etdikdə, leykoplakiyanın (ağızda buynuzlaşma yerləriəmələ gəlir) əmələ gələcəyini də istisna etmək olmaz.

 

Ağızın selikli qişasında yaranan elementlərdən asılı olaraq, stomatoloqlar aşağıdakı stomatit növlərini qeyd edirlər:

  • Aftoz stomatit. Selikli qişada dairəvi və ya oval yaralar (aftlar) əmələ gəlir. Bu formanı aşağıdakı növlərə ayırırlar:
    - Nekrotik stomatit. Ağır xəstəliklər zamanı yaranır. Ağız boşluğunun selikli qişasının hüceyrələrinin məhv olmasına gətirib çıxarır. Zədələnmişyerlər ağrılıdır, vaxt ötdükçə onlar genişlənir və yaralara çevrilirlər. Aftlar 2-4 həftə ərzində sağalırlar.
    - Fibrinoz stomatit. Aftlar boz ərplə örtülür. Onların yaranma anından tam sağalmasınadək 1-dən 3 həftəyədək vaxt keçir. Əksər hallarda, 1-3 ildən sonra fibrinoz aftoz stomatitin residivi müşahidə olunur.
    - Çapıqlı stomatit. Stomatitin ağır formasıdır, ən çox gənc insanlarda aşkarlanır. Əvvəlcə ağızda aftlar əmələ gəlir. Tədricən onların ölçüləri böyüyür – diametri 1,5 sm-dək olan yaralar formalaşır. Zədələnmiş sahələr sağaldıqdan sonra (3 aydan çox çəkə bilər) çapıqlar qalır.
    - Qlandulyar stomatit. Ağız boşluğunun bütün qişası üzrə səpələnmiş kiçik selik vəziləri zədələnir. Aftlar selik vəzilərinin axarlarının əsaslarında yaranırlar. Toxunulduqda onlar ağrı verirlər.
    - Deformasiyaedici stomatit. Stomatitin ən ağır forması hesab edilir. Yaralar böyük ölçülərə malik olur. Onlar çətinliklə sağalır. Onların yerlərində çapıqlar qalır, nəticədə ağız boşluğunun içi deformasiya olunur.
  • Kataral stomatit – ağız boşluğunun selikli qişasının səthi zədələnməsidir. Aşağıdakılarla təzahür olunur: ağızdan xoşagəlməz iyin gəlməsi, zədələnmiş sahələrin ətrafında dərinin bir az şişməsi və qızarması, ağ ərp, dildə və diş ətində diş izlərinin qalması, ağrı hissləri, selik ifrazının çoxalması, bədən temperaturunun bir az yüksəlməsi və zəiflik.
  • Xoralı-qanqrenoz stomatit. Selikli qişada yaraların əmələ gəlməsi ilə xarakterizə olunan və onun ayrı-ayrı hissələrinin məhv olmasına gətirib çıxaran ağır formadır. Toxumanın bir neçə qatı (sümüyədək) birdən zədələnir. Xəstə güclü zəiflikdən şikayətlənir.

 

Səbəbindən asılı olaraq stomatitin aşağıdakı növləri olur:

  • Travmatik stomatit;
  • xroniki aftoz stomatit;
  • kandidoz stomatit;
  • herpetik stomatit;
  • vezikulyar stomatit;
  • enteroviruslu stomatit;
  • bakterial (stafilokoklu, streptokoklu) stomatit;
  • allergik stomatit.

 

Stomatititn səbəbləri

 

Travmatik stomatit ağız boşluğunun selikli qişasının zədələnməsi nəticəsində yaranır.

Onun inkişafına aşağıdakılar səbəb ola bilər:

  • iti kənarları olan böyük karioz boşluqlar;
  • iti dişlər, diş qırıqları;
  • ağız boşluğunun termik və kimyəvi yanıqları;
  • düzgün quraşdırılmamış breketlərdən, koronkalardan (diş qapaqlarından), protezlərdən istifadə;
  • tez-tez dili, dodaqları, yanaqları dişləmə vərdişi;
  • dişlərin yanlış forması, dişləmə zamanı dişlərin üst-üstə düşməməsi;
  • həddindən artıq qaynar, soyuq və ya acı yeməklərin qəbulu;
  • siqaret çəkmə (siqaret tüstüsü selikli qişanı çox qıcıqlandırır);
  • selikli qişanı zədələyə bilən məhsulların qəbulu (qoz-fındıq, tumlar və s.).

 

Travmatik stomatit ən çox ağızına kənar əşyaları alan balaca uşaqlarda müəyyən edilir.

 

Xroniki aftoz stomatitin səbəbləri hələ yaxşı öyrənilməyib.

Ehtimal edilir ki, xəstəliyə aşağıdakılar səbəb olur:

  • stafilokoklar;
  • adenoviruslar;
  • autoimmun reaksiyalar (immunitet ağız boşluğunda olan yad cisimlərə yanlış reaksiya göstərir);
  • immun pozuntular.

 

Kandidoz stomatit (onu həmçinin süd yarası (moloçnitsa) da adlandırırlar) – Kandida növündən olan göbələyin səbəb olduğu göbələk xəstəliyidir.

Xəstəliyin bu formasının inkişaf etməsinə şərait yaradan amillərə stomatoloqlar aşağıdakıları aid edirlər:

  • körpə yaş (immunitetin hələ tam formalaşmaması səbəbindən);
  • qan xəstəlikləri, infeksiyalar, bədxassəli şişlər, QİÇS nəticəsində immunitetin zəifləməsi;
  • ahıl yaş (immun qüvvələrin təbii azalması müşahidə olunur);
  • hamiləlik (qadının orqanizmində hormonal dəyişikliklər baş verir);
  • ağız boşluğunun gigiyena qaydalarına riayət etməmə, diş protezlərindən istifadə;
  • ağızda patoloji quruluq (keyfiyyətsiz ağız yaxalayıcılarından istifadənin nəticəsi ola bilər);
  • şəkərli diabet (qanda qlükoza miqdarı yüksək olduqda Candida növündən olan göbələklər daha tez artırlar);
  • HİV (immunitetin zəifləməsinə gətirib çıxarır),
  • sprey formasında qlükokortikosteroidlərin qəbulu (yerli immunitetin yatırılması müşahidə olunur);
  • güclü antibiotiklərlə müalicə (mikrofloranı pozurlar).

 

Herpes virusu herpetik stomatitə səbəb olur. Xəstəliyə yoluxma hava-damcı yolu ilə baş verir. Herpetik formaya ən çox 1 yaşdən 3 yaşadək (anadan alınmış immunitetin təsiri bitdiyi, öz immuniteti isə hələ inkişaf etmədiyi dövrdə) uşaqlar yoluxurlar.

 

Vezikulyar stomatit Vesiculorus növündən olan (Rabdoviridae fəsiləsi) virusun orqanizmə nüfuz etməsi nəticəsində yaranır. Törədici iribuynuzlu heyvanlarda yaşayır və insanlara moskitlərin, ağcaqanadların sancmaları zamanı ötürülür. Vezikulyar forma ilə əksər hallarda veterinarların və kənd təsərrüfatı işçilərinin xəstələnməsi bununla izah olunur.

 

Enteroviruslu stomatit (xalq arasında onu “ağız-əl-ayaq” adlandırırlar) insandan insana su, ümumi istifadədə olan əşyalar, qidalanma məhsulları vasitəsi ilə, eləcə də hava-damcı yolu ilə ötürülən enteroviruslar tərəfindən törədilir. Bu patologiyaya ən çox uşaqlar meyillidirlər.

 

Bakterial stomatitin səbəbi – bir norma olaraq istənilən sağlam insanın orqanizmində yaşayan, lakin müəyyən vəziyyətlərdə patogen formaya keçən bakteriyalardır.

Stafilokoklu və streptokoklu stomatitin yaranmasına aşağıdakı amillər şərait yaradır:

  • dişlərin kariyesi;
  • ağız boşluğunun zədələnmələri;
  • diş-diş əti cibində irinli proses;
  • immunitetin zəifləməsi;
  • ağız boşluğunda cərrahi və stomatoloji manipulyasiyaların yerinə yetirilməsi zamanı antiseptika və aseptika qaydalarına riayət etməmə.

 

Allergik stomatitlər autoimmun reaksiyalar nəticəsində inkişaf edir.

Bu qrupa aşağıdakılar daxildir:

  • ekssudativ çoxformalı eritema;
  • dermatostomatitlər (stomatit qovuqcanı (pemfiqusu), psoriazı, sistemli qırmızı qurdeşənəyini, sklerodermiyanı, qırmızı yastı dəmrovu müşayiət edə bilər);
  • allergik stomatit (ağız boşluğunda yaralar selikli qişaya müəyyən maddələrin düşməsi nəticəsində yaranır (adətən bu stomatologiyada istifadə olunan materiallar və preparatlardır);
  • aftoz xroniki stomatit (yuxarıda təsvir olunub).

 

Stomatitin əlamətləri

 

Kataral stomatit zamanı selikli qişa ağrılı, şişkin və hiperemik olur. Xəstə qida qəbulu zamanı ağrıdan, ağızdan xoşagəlməz iyin gəlməsindən, selik ifrazının çoxalmasından şikayətlənir. Ocaqların sarımtıl ərplə örtülməsi mümkündür.

Xoralı stomatit ağız boşluğunun bütün selikli qişasını zədələyir. İlk günlərdə o kataral stomatitlə eyni simptomlara malik olur. Xəstəliyin 3-5-ci sutkasında bədən temperaturu yüksəlir, boğaz limfa düyünləri əhəmiyyətli dərəcədə böyüyür. Ağrıdan pasiyent normal yemək yeyə bilmir. Tədricən ümumi zəiflik, baş ağrısı simptomları meydana gəlir.

Aftoz stomatit çoxlu və ya tək-tək təsadüf edilən aftlarla təzahür olunur, hansılar ki ətrafdakı sağlam toxumalardan ensiz qırmızı haşiyə ilə ayrılır. Törəmələrin mərkəzində sarı və ya boz ərp olur. Hərarətin yüksəlməsi, ümumi halsızlıq, ağızda ağrı müşahidə olunur. Aftlar sağaldıqdan sonra selikli qişada çapıqlar qalır.

Herpetik stomatit həmişə bədən temperaturunun kəskin surətdə yüksəlməsindən başlayır. Ağız boşluğunun selikli qişası hiperemik və şişkindir, diş əti qanayır. Xəstə selik ifrazının artmasından, ağızdan xoşagəlməz irinli qoxunun gəlməsindən şikayətlənir. İlk simptomların yaranmasından bir neçə gün sonra selikli qişada xırda vezikullar və pustullar əmələ gəlir.

Allergik stomatit həm diffuz, həm də lokallaşmış ola bilər, həm kataral-hemorragik, həm də kataral xarakter daşıya bilər.Pasiyentlər ağızda patoloji quruluq, qaşınma və ağrı hiss edirlər. Selikli qişa şişkin olur, dil məməcikləri həyat qabiliyyətini itirə bilər.

Travmatik stomatit kataral stomatitə bənzər şəkildə inkişaf edir, lakin onun simptomları kifayət qədər tez – cəmi bir neçə gün ərzində keçib gedir. İntensiv şişkinlik müşahidə olunur, selikli qişa qırmızı rəng alır. Danışıq və qida qəbulu zamanı güclü ağrı əmələ gəlir. Aftların yerində çox vaxt eroziya formalaşır. Travmatik amil selikli qişaya uzun müddət təsir etməyibsə, xəstəliyin öz-özünə sağalması baş verə bilər. Əgər qişa daima qıcıqlanırsa, o zaman infeksion prosesin əlavə olunması riski yüksəkdir. Bu halda xəstəlik xroniki formaya keçir.

Xroniki aftoz stomatit zamanı ağızda ilk öncə qırmızı rəngli ləkələr əmələ gəlir. Onların diametri 1 sm-i keçmir, forması – dairəvi və ya oval olur. Cəmi bir neçə saata onlar şişir və selikli qişanın səthi üzərindən qalxırlar. Daha sonra boz ərplə örtülmüş eroziyalar formalaşır. Toxunulduqda onların ağrılı və yumşaq olduğu hiss edilir. Aftların altında çox vaxt infiltrat yığılır.

Xroniki aftoz stomatit limfadenitlə paralel olaraq inkişaf edə bilər. Xəstəliyin bu forması zamanı bədən temperaturunun yüksəlməsi – nadir haldır. 2-4 gündən sonra aftlar nekrotik kütlələrlə birlikdə qopur, selikli qişa sağalmağa başlayır.

Kandidoz stomatit simptomlarına ağız boşluğunun selikli qişasının böyük hissəsini örtən ağ ərp aid edilir. Onu tənziflə götürmək olar, bu zaman qırmızı qanayan ocaqlar açılacaq. Ağızında süd yarası olan pasiyentlər udma, danışıq zamanı ağrı hiss edirlər. Müalicəyə vaxtında başlanılmasa, göbələk udlağa, qırtlağa, qida borusuna yayıla bilər.

Vezikulyar stomatitin ilk simptomları yoluxmadan təxminən 5 gün sonra təzahür olunmağa başlayır. Xəstəni üşütmə, ümumi halsızlıq, baş ağrısı, yüksək hərarət narahat edir. Bundan başqa, əzələ ağrıları və zökəm (bu səbəbdən, başlanğıc mərhələdə xəstəliyi adi soyuqdəymə ilə səhv salmaq olar) yarana bilər. Bundan sonra, ağızın selikli qişasında içərisində rəngsiz maye olan ağrılı qabarcıqlar əmələ gəlir. Onlar açıldıqdan sonra selikli qişa sağalmağa başlayır.

Enteroviruslu stomatit tək ağızda yox, həm də əl və ayaq pəncələrində (xəstəliyin ikinci adı -“ağız-əl-ayaq” buradan gəlir) əmələ gələn kiçik qabarcıqlar şəklində səpgilərlə xarakterizə olunur. Xəstəni qızdırma narahat edə bilər. O tez yorulmadan əziyyət çəkir.

Bakterial (streptokoklu və stafilokoklu) stomatit müxtəlif ağırlıq dərəcəsinə malik ola bilər – selikli qişanın səthi iltihablanmasından başlayaraq irinli prosesədək (ağız sepsisi).

Pasiyentlərdə ən çox aşağıdakı bakterial formalar müəyyən edilir:

  • Ağızın künclərində iltihablanmalar. Əvvəlcə ağızın küncündə kiçik irinlik əmələ gəlir. Sonra o açılır və onun yerində kiçik yara əmələ gəlir. Tez-tez zədələndiyi üçün o gec sağalır və çata çevrilir, hansı ki yanağın selikli qişasına keçir.
  • Ağızın selikli qişasının qızıl yel iltihabı. Streptokoklara görə yaranır. Selikli qişa şişir, onun səthində moruq rəngli ləkələr əmələ gəlir. Onlardan qan gəlir.Tədricən aftların əvəzinə yaralar, qabarcıqlar, ölmüş toxuma sahələri formalaşır. Bədən temperaturu yüksəlir. Sepsis inkişaf edə bilər.
  • İmpetiginoz stomatit. Əvvəlcə xəstəlik streptokok mənşəli olur, lakin sonra eroziyalarda stafilokok da aşkarlanır. Zədələnmiş sahələr boz-sarı ərplə örtülür. Onu çıxardıqda, selikli qişa qanamağa başlayır.

 

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Stomatitin diaqnostikası

 

Klinik mənzərəni öyrəndikdən, şikayətləri dinlədikdən və pasiyenti müayinə etdikdən sonra həkim çətinlik çəkmədən dəqiq diaqnozu qoya bilər.

Xəstəliyin müayinəsi zamanı aşağıdakı diaqnostik üsullardan istifadə oluna bilər:

  • Yaxmanın və ya sıyırmanın bakterial əkilməsi;
  • Herpesə və kandidoza görə PZR-müayinə.

 

Stomatit müalicəyə yaxşı cavab vermədikdə, ağız boşluğunun selikli qişasının zədələnməsinə səbəb olan potensial sistemli xəstəliklərin müəyyən edilməsi məqsədi ilə xəstənin kompleks müayinəsi həyata keçirilir.

 

Stomatitin müalicəsi

 

Uşaqlarda və böyüklərdə stomatitin müalicəsi ağrı simptomunun aradan qaldırılmasına və xəstəliyin davam etmə müddətinin azaldılmasına yönəlir. Ağrını azaltmağa aşağı faizli antiseptik məhlullarla applikasiyalar və yaxalamalar (qarqara) kömək edirlər, lakin onlardan uzun müddət istifadə etmək olmaz.

Çaytikanı yağı, vanilin, itburnu yağı və karotolin əsasında olan vasitələr aftların səthində müdafiəedici təbəqənin əmələ gəlməsini təmin edir, bu isə sağalma prosesini sürətləndirir.

Stomatitin müalicəsi zamanı fizioterapevtik prosedurlardan maqnit terapiyasını, ultrasəs, UFO-nu təyin edirlər.

Törədici amillər aradan qaldırılmasa, xəstəliyin travmatik formasının simptomlarından qurtulmaq mümkün olmayacaq, allergik formanın simptomlarından isə yalnız allergenlə təmas istisna edildikdən sonra qurtulmaq mümkün olacaq.

 

Stomatit zamanı pəhriz

 

Stomatitin müalicəsi zamanı rasiondan aşağıdakıları çıxarmaq lazımdır:

  • İstənilən turş meyvələr və tərəvəzlər, giləmeyvələr.
  • Acı yeməklər, ədviyyatlar.
  • Alkoqollu içkilər.
  • Duzlu və turş souslar.
  • Sərt, acı, bərk və quru qida.

 

Aşağıdakıları yemək tövsiyə olunur:

  • Neytral dada malik olan meyvələr və tərəvəzlər (qarpız, yemiş).
  • Turş süd məhsulları, süd.
  • Kök və kələm şirələri (xırda yaraların sağalma prosesini sürətləndirmək üçün ağızı onlarla yaxalamaq olar).
  • Suda bişirilmiş ət.
  • Pendirin yumşaq növləri.
  • Qatı sıyıqlar.
  • Həlimlər, çaylar.

 

Stomatitin təhlükəsi

 

Stomatitin proqnozu yaxşıdır. Xəstəlik, demək olar ki, həmişə sağalma ilə yekunlaşır. Yalnız vaxtında müalicə olunmamış xoralı-nekrotik forma letal nəticəyə gətirib çıxara bilər.

 

Risk qrupu

 

Ağız boşluğunun stomatiti diaqnozu ən çox aşağıdakı insanlara qoyulur:

  • bu xəstəliyi heç olmasa bir dəfə keçirmiş insanlar (residivlər);
  • HİV-ə yoluxmuş insanlar;
  • vaxtından əvvəl doğulmuş və somatik zəif (anemiya, hipotrofiya) yeni doğulmuş uşaqlar;
  • tənəffüs sisteminin və mədə-bağırsaq yolunun xroniki xəstəlikləri olan uşaqlar;
  • immuniteti zəif olan pasiyentlər.

 

Stomatititn profilaktikası

 

Stomatitin profilaktikasına aşağıdakılar daxildir:

  • ağız boşluğunun gigiyena qaydalarına riayət etmək;
  • siqaret çəkməkdən və spirtli içkilərin qəbulundan imtina etmək;
  • rasiondan həddindən artıq qaynar və acı yeməkləri çıxarmaq;
  • kariyesi vaxtında müalicə etmək;
  • hər il stomatoloqun müayinəsindən keçmək;
  • balanslaşdırılmış qidalanma;
  • yalnız əvvəlcədən yuyulmuş meyvələr və tərəvəzlər yemək;
  • əlləri yumaq;
  • qış və yaz vaxtlarında vitamin-mineral komplekslərini qəbul etmək.