VƏRƏM

Vərəm

 

Vərəm – Mycobacterium tuberculosis complex bakteriyaları tərəfindən törədilən xroniki infeksion xəstəlikdir. Bu xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir, lakin o oynaqları, sümükləri, gözləri, periferik limfa düyünlərini, sidik-tənasül orqanlarını da zədələyə bilər.

  • Vərəmin növləri
  • Vərəmin səbəbləri
  • Vərəmin əlamətləri
  • Vərəmin diaqnostikası
  • Vərəmin müalicəsi
  • Vərəm zamanı pəhriz
  • Vərəm üzrə risk qrupu
  • Vərəmin profilaktikası

 

Bütün halların 95%-ində vərəm hava-damcı yolu ilə ötürülür, daha az hallarda – alimentar (infeksiyalanmış qidalanma məhsullarının qəbulu) və ya təmas yolu ilə. Vaxtında müəyyən edilmədiyi və düzgün müalicə olunmadığı halda vərəm letal nəticəyə gətirib çıxara bilər.

 

Vərəmin növləri

 

Vərəmi aşağıdakı növlərə ayırırlar:

  • Birincili vərəm. Onun, öz növbəsində, aşağıdakı növləri var:
    - lokal (sinədaxili limfa düyünlərinin vərəmi, ocaq infeksiyanın nüfuz etdiyi yerdə yerləşir);
    - prelokal (yeniyetmələrdə və uşaqlarda vərəm fonunda yaranmış intoksikasiya nəzərdə tutulur).
  • İkincili vərəm. Lokalizasiyaya görə aşağıdakı növlərə ayrılır:
    - ekstrapulmonar (ağciyərdən kənar) vərəm (dəri, sümük, beyin qişaları və beyin, qarın, bağırsaq, böyrək, oynaq, süd vəzi, göz, dərialtı sellüloz, cinsi orqanların, mezenterial limfa düyünlərinin vərəmi);
    - pulmonar (ağciyər) vərəm (ocaqlı, kavernoz, sirrotik, infiltrativ, miliar, disseminasiya olunmuş və fibroz-kavernoz vərəm, tuberkulema, kazeoz pnevmoniya).

 

Xəstəliyin ayrıca formaları da mövcuddur:

  • sarkoidoz;
  • plevrit;
  • plevranın empiyeması.

 

Vərəmin mərhələləri:

  • infiltrasiya;
  • parçalanma;
  • seminasiya (toxumlama);
  • sorulma;
  • sıxlaşma;
  • sağalma (sikaktrizasiya);
  • kalsifikasiya.

 

Vərəmin formaları:

  • açıq (bakteriyalar bəlğəmlə birlikdə ifraz olunur, MBT (Mycobacterium tuberculosis)-pozitiv);
  • bağlı (bakteriyalar ifraz olunmur, MBT-neqativ).

 

Vərəmin səbəbləri

 

Yuxarıda qeyd edildiyi kimi, vərəmin törədicisi əksər hallarda Mycobacterium tuberculosis-dir (Mycobacterium tuberculosis complex qrupundan olan bakteriya) – turşuya davamlı aktinomisetlər fəsiləsindən (mikobakteriyalar növü) olan qram-pozitiv basil (bakteriya). Bəzən xəstəliyə bu qrupdan olan digər törədicilər də səbəb olur.

Kox basili ekzo- və endotoksinlər ifraz etmir. O ətraf mühitin təsirinə davamlıdır və uzun müddət ərzində insan orqanizmindən kənar yaşaya bilər. Bu basil ultrabönövşəyi şuallanmanın və gün şüalarının təsiri altında məhv olur.

Vərəm infeksiyasının mənbəyi xəstə insanlardır (xüsusilə vərəmin açıq forması aşkarlandığı insanlar). Yoluxma yolu – respirator yoldur, yəni bakteriyaların yayıldığı hava ilə nəfəs alma zamanı. İl ərzində vərəmin açıq formasından əziyyət çəkən insan 10-dan çox insanı yoluxdura bilər.

Vərəmin bağlı formasının daşıyıcısı olan və ya az miqdarda Kox basili ifraz edən insanlardan yoluxma yalnız yaxın və sıx təmaslar zamanı baş verə bilər. Xəstəliyin alimentar (basil birbaşa mədə-bağırsaq yoluna düşür), təmas (zədələnmiş dəri örtüyü vasitəsi ilə) və plasentar yollarla ötürülməsinə nadir hallarda rast gəlinir.

Xəstəliyin mənbələri kimi həmçinin ev quşları, iribuynuzlu heyvanlar da çıxış edə bilərlər. Vərəm inək südü ilə, yumurtalarla, eləcə də suya yoluxmuş heyvanların ifrazatları (nəcisi) düşdüyü zaman ötürülür.

Qeyd etmək lazımdır ki, Mycobacterium tuberculosis bakteriyası orqanizmə nüfuz etdikdə, heç də həmişə sözügedən patologiya inkişaf etmir. Əgər insan sağlamdırsa və onun möhkəm immuniteti varsa, yoluxma riski yüksək deyil.

 

Vərəmin əlamətləri

 

Vərəm insan orqanizminin müxtəlif sistemlərini (tənəffüs, sidik-tənasül, sümük və s.) zədələyə bilər, buna görə də onun simptomları həmişə fərqlidir. Pulmonar (ağciyər) forma (halların təxminən 85%) digər tənəffüs sistemi xəstəliklərinin əlamətləri ilə oxşar olan simptomlarla xarakterizə olunur, lakin buna baxmayaraq, onun bəzi xüsusiyyətləri var.

Beləliklə, ağciyər vərəminin klinik simptomlarına aşağıdakılar aiddir:

  • Öskürək. Başlanğıcda o quru olur, lakin basillər yayıldıqca o yumşalmağa başlayır. O ən azı üç həftə ərzində müşahidə olunur. Öskürək tutmaları gecə vaxtı baş verir və uzun müddət keçmir. Uzunmüddətli iltihabi proses zamanı bəlğəmdə qan qatışığı aşkarlana bilər.
  • Subfebril hərarət (normadan 1-2 qradus yuxarı). Adətən axşama yaxın yüksəlir, xəstədə dərhal zəiflik yaranır. Vərəm zamanı hərarət orqanizmin yad agentin nüfuz etməsinə qarşı qoruyucu cavab reaksiyasıdır.
  • Qan hayxırma. Pulmonar vərəmin əsas əlamətlərindən biridir. Alveolların (ağciyərləri qanla təchiz edən xırda arteriyaların) zədələnməsindən xəbər verir.
  • Sinədə ağrı. Öskürək zamanı yaranır. Patoloji prosesə plevral yarpaqların cəlb olunduğunu göstərir. Plevra ağciyərləri örtür və onun hissələri arasındakı sahəyə nüfuz edir. Yalnız plevra innervasiya olunduğu üçün, sinə nahiyəsində ağrı ona aparan sinir sonluqlarının qıcıqlandığını təsdiqləyir.
  • Tez tərləmə (xüsusən də gecələr).
  • Fiziki yüklənmə zamanı güclü təngnəfəslik. Kox basili ağciyər toxumalarını dağıdır. Nəticədə, ağciyərlər orqanizmi tələb olunan miqdarda oksigenlə təmin edə bilmir. Buna görə də, oksigenə tələbatın artması hallarında pasiyent tənginəfəslik hiss edir. O mümkün qədər çox hava almağa çalışır, lakin bunu edə bilmir.
  • Zəiflik, halsızlıq. Orqanizm intoksikasiya ilə mübarizə aparır, buna görə də onun əhvalı pisləşir.
  • Çəki itkisi.

 

Uşaqlarda vərəmin simptomları

Uşaqlarda, yuxarıda təsvir olunmuş simptomlardan başqa, vərəm özünü aşağıdakı simptomlarla büruzə verir:

  • Limfatik düyünlərin böyüməsi və onların ağrılığı (onlar limfogen yolla yayılan mikobakteriyaları yubandırırlar);
  • Dəri örtüklərinin solğunlaşması (damarların innervasiyası və dəridə qan dövranı pisləşir);
  • Yuxu pozğunluğu;
  • Diqqət pozğunluğu, təhsildə geri qalma;
  • Əhval-ruhiyyənin tez-tez dəyişməsi.

 

Vərəmin ekstrapulmonar (ağciyərdən kənar) formaları

Ekstrapulmonar vərəmin spesifik simptomları var, buna görə də düzgün diaqnozu qoymaq kifayət qədər çətindir.

Belə ki, onurğa, sümüklər və oynaqlar zədələndiyi halda, xəstə aşağıdakılardan şikayətlənir:

  • Hərəkət məhdudluğu;
  • Sümüklərin tez-tez sınması;
  • Onurğa (duruş) pozuntuları;
  • Oynaqlarda, beldə ağrılar;
  • Patoloji onurğa əyrilikləri.

 

Mədə vərəmi həmişə açıq klinik simptomatika ilə müşayiət olunur:

  • Köpmə;
  • Nəcis kütlələrində qan qatışığı;
  • Bağırsağın keçməməzliyi;
  • Bədən temperaturunun subferil rəqəmlərədək yüksəlməsi;
  • Qastrit/pankreatit zamanı olan ağrılara bənzər ağrılar.

 

Böyrəklərin və cinsi orqanların (sidik-tənasül sisteminin) vərəmi aşağıdakılarla təzahür olunur:

  • hematuriya (sidikdə qan);
  • bel nahiyəsində ağrılar;
  • bədən temperaturunun yüksəlməsi;
  • sonsuzluq (qadının cinsi orqanları zədələndiyi halda).

 

Sinir sisteminin vərəmi zamanı adətən beyin qişaları iltihablanır. Pasiyent başını əydikdə və boyunarxası əzələlərin gərginləşməsi zamanı güclü ağrılar hiss edir. Burada vərəmi meningitdən fərqləndirmək çox vacibdir.

Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.

 

Vərəmin diaqnostikası

 

Pulmonar vərəm mikroskopik yolla təsdiqlənir.

Düzgün diaqnozu qoymaq üçün xəstəyə özünə aşağıdakıları daxil edən müayinə təyin edilir:

  • Pasiyent haqqında lazımi məlumatların toplanması (simptomlar, yoluxma ehtimalları, daha əvvəl keçirilmiş xəstəliklər haqqında).
  • Klinik müayinə (ümumi vəziyyət qiymətləndirilir, üstünlük təşkil edən simptomlar təhlil edilir).
  • Ftiziatrın konsultasiyası (vərəmin müalicəsi ilə məşğul olan mütəxəssis). Müayinə zamanı həkim, sağ/sol ağciyərin tənəffüs funksiyasında geriləmənin olub olmadığını müəyyən etmək üçün döş qəfəsini palpasiya edir. Auskultasiya və perkussiya infeksiya ocağının yerini dəqiqləşdirməyə kömək edir.
  • Laborator diaqnostika:
    - qanın biokimyəvi analizi (qaraciyər göstəricilərinin (müxtəlif qaraciyər fermentlərinin pozulması) normadan kənara çıxmaları, reaktiv zülalın çoxalması, su-duz balansında dəyişikliklər müşahidə olunur);
    - sidiyin ümumi analizi (vərəm xəstələrinin sidiyində zülal olur).

 

Mantu sınağı (tuberkulin testi)

Mantu sınağı – xəstəliyin törədicisinin zülallara qarşı həssaslığını göstərən testdir. Yüksək həssaslıq mikobakteriyanın atipik forması ilə yoluxma zamanı və ya vaksinləmədən sonra müşahidə oluna bilər. Substrat T-limfositləri tərəfindən yaradılır. Onların aktivləşməsi zamanı ləng tipli allergik reaksiya yaranır.

 

Vərəmin mikroskopik və bakterioloji diaqnostika üsulları

Orqanizmdə Kox basilinin olub olmadığını müəyyən etmək üçün öskürək zamanı ifraz olunan bəlğəm götürülür. Onun götürülməsi 3 dəfə həyata keçirilir – ftiziatrın birinci qəbulu zamanı, növbəti gün səhər tezdən və ikinci qəbul zamanı. Pasiyent bəlğəmi götürə bilmədiyi halda, digər materiallardan istifadə olunur, məsələn, bronxoskopiya zamanı götürülmüş materiallardan və ya mədənin tərkibindən.

 

Vərəmin diaqnostikası zamanı mikroskopik test törədicinin müəyyən edilməsini təmin edir, buna görə də o çox vacibdir.

O aşağıdakıları etməyə imkan verir:

  • Patoloji prosesin nə qədər inkişaf etdiyini anlamağa;
  • Xəstəyə təyin olunmuş müalicənin effektiv olub olmadığını qiymətləndirməyə;
  • Dinamikada pasiyentin durumuna nəzarət etməyə.

 

Mikroskopik müayinənin ən çox istifadə olunan üsulları arasında aşağıdakıları qeyd etmək olar:

  • Müayinə zamanı flüoressent mikroskop altında işıq saçan xüsusi maddələrlə materialın boyanması;
  • Sil-Nilsen üsulu ilə materialın boyanması, sonra isə mikroskop altında onun tədqiq edilməsi.

Diaqnostika mikobakteriyanın keyfiyyətinə, onun turşulara və spirtlərə qarşı dayanıqlığına əsaslanır. Onun rəngi bənövşəyi rəngə dəyişir.

 

Vərəmdən şübhələndikdə rentgen və KT

Vərəmin diaqnostikası zamanı döş qəfəsinin rentgenoqrafiyası yan və ön-arxa proyeksiyalarında həyata keçirilir. O ağciyərlərin nə dərəcədə zədələndiyini müəyyən etməyə kömək edir. Lakin yadda saxlamaq lazımdır ki, həkim yalnız rentgenin nəticələrinə əsaslanaraq düzgün diaqnozu qoya bilməz.

Kompyuter tomoqrafiyası ağırlaşmaların (bronxların daralması) olub olmadığını müəyyən etməyə imkan verir. Ondan ən çox uşaqların müayinəsi zamanı istifadə olunur.

 

Vərəmin müalicəsi

 

Epidemik ölkələrdə vərəmin müalicəsi pulsuz həyata keçirilir.

Bu aşağıdakı məqsədlərlə edilir:

  • Xəstələrin sayını azaltmaq;
  • Ölüm hallarını azaltmaq;
  • Sağlam insanların yoluxma riskini azaltmaq;
  • Basilin qonşu ölkələrə miqrasiyasına imkan verməmək.

 

Müalicə zamanı xəstə siqaretlərdən və spirtli içkilərin qəbulundan imtina etməli, gigiyena qaydalarına riayət etməlidir.

 

Sağalma meyarları

Həkimə vaxtında müraciət etdiyi halda, xəstə vəziyyətinin yaxşılaşacağına ümid edə bilər.

Vərəmin geri çəkildiyini göstərən əlamətlərə aşağıdakılar aiddir:

  • Son 5 ay ərzində verilmiş bakterioloji və mikroskopik analizlər mənfidir (neqativdir);
  • 2 aylıq müalicədən sonra klinik simptomların intensivliyi azalır, rentgen ocaqların ölçülərinin kiçildiyini göstərir, ilk mikroskopiya – mənfidir (neqativdir);
  • Ağırlaşmalar yoxdur, aparılan laborator və instrumental müayinə üsulları müsbət evolyusiyanı (xəstəliyin inkişafını) göstərir.

 

Vərəmə yoluxmuş insanların gigiyenası

Vərəm çox asanlıqla ötürülür, buna görə də xəstə müəyyən qaydalara riayət etməlidir ki, ətrafdakı insanların yoluxma riski azalsın:

  • İctimai yerlərdə olarkən cərrahi maska taxmaq (4-6 saatdan bir dəyişmək).
  • İxtisaslaşdırılmış tibb müəssisələrində müalicə keçmək.
  • Ağızı cib dəsmalı ilə tutaraq kənar bir yerdə öskürmək.

 

Vərəm zamanı xəstəxanaya yerləşdirilmə

Vərəmin müalicəsi üçün heç də həmişə xəstəxanada yatmaq lazım deyil.

Xəstəxanaya yerləşdirilmə üçün aşağıdakı göstərişlər var:

  • Ağciyər vərəmindən şübhələnmə
  • Oxşar simptomlara malik olan digər xəstəliklərlə vərəmin differensial diaqnostikasının həyata keçirilməsi.
  • İlk dəfə aşkarlanmış vərəmin ekstrapulmonar (ağciyərdən kənar) formasının müalicəsi (kimyəvi terapiya kursu).
  • Vərəm əleyhinə preparatlara davamlı olan vərəmin müalicəsi.
  • Xəstəliyin aktiv formalarının müalicəsi.
  • Vərəmin ən çox yayılmış formalarının müalicəsi.
  • Vərəmin cərrahi müalicəsinin zəruriliyi.

 

Vərəm zamanı xəstəxanaya yerləşdirilmə müddəti xəstəliyin formasından asılıdır:

  • Diaqnostika zamanı xəstədə vərəmin olmadığı müəyyən edilərsə, o dərhal evə buraxılır.
  • İlkin diaqnoz təsdiqləndiyi halda, müalicə təxminən 3-4 ay çəkir. Yalnız pasiyentin daha mikobakteriyalar ifraz etmədiyini təsdiqləyən 3 dəfə keçirilmiş bəlğəm analizindən sonra o sonrakı müalicəni ambulator və ya sanator şəraitdə keçə bilər.
  • Multirezistent vərəm zamanı, yəni basilin bütün vərəm əleyhinə preparatlara davamlı olması halında, xəstə xəstəxanada bir il yarımadək qala bilər.

 

Vərəm zamanı pəhriz

 

Vərəm zamanı qidalanma immunitetin möhkəmləndirilməsinə yönəlməlidir.

  • Xəstə gündə 120-150 q. təmiz zülal qəbul etməlidir. O anticisimlərin hasilatı üçün lazımdır. Zülal mənbələri: balıq, dəniz məhsulları, süd məhsulları, yağsız quş əti, iribuynuzlu heyvanların və balığın qaraciyəri.
  • Xəstə üçün tələb olunan yağ miqdarı – sutkada 50-80 q. Yağlar mikobakteriyaların zədələdiyi hüceyrə membranlarının bərpası üçün lazımdır. Yağ çatışmazlığı olmasın deyə, kərə və bitki yağları, balıq yağı, donuz piyi (salo), kiçik miqdarlarda heyvanmənşəli yağlar yemək lazımdır.
  • Vərəm zamanı karbohidratların miqdarı yaş normasına – gündə 400 qrama uyğun olmalıdır. Onları yarmalardan, tərəvəzlərdən almaq olar. Sutkada 80 qramdan çox qənnadı məmulatlar yemək tövsiyə olunmur.
  • Mineral duzlar maddələr mübadiləsini normallaşdırır və endokrin sistemin fəaliyyətini yaxşılaşdırır, bu isə orqanizmin müdafiə qüvvələrini artırır. Onların mənbələri aşağıdakılardır: pomidor, əncir, gül kələmi, göyərti, pendir, kəsmik.

 

Vərəm üzrə risk qrupu

 

Vərəmə ən çox aşağıdakı insanlar yoluxur:

  • Uzun müddət yoluxmuş insanlarla təmasda olan insanlar;
  • Tənəffüs sisteminin xroniki xəstəlikləri olan insanlar;
  • Mədə və ya onikibarmaq bağırsaq xorasından, şəkərli diabetdən əziyyət çəkən insanlar;
  • Uzun müddət ərzində qlükokortikoid dərman preparatları qəbul edən insanlar (hormonlar immuniteti çox zəiflədir);
  • HİV virusuna yoluxmuş insanlar;
  • Həddindən artıq spirtli içki qəbul edən, azadlıqdan məhrumetmə müəssisələrində olan, narkotik preparatlar qəbul edən insanlar;
  • Vərəm xəstələrinin müalicə keçdikləri tibb müəssisələrinin əməkdaşları;
  • Əvvəllər vərəmin ekstrapulmonar/pulmonar formalarını keçirmiş insanlar.

 

Vərəmin profilaktikası

 

Vərəmin spesifik profilaktikası inək tipindən olan zəifləmiş basillərdən hazırlanmış BCG (Bacillus Calmette—Guérin) vaksininin vurulmasından ibarətdir. DST-nin verdiyi məlumata görə, onun tərkibində 500 000-dən çox canlı mikrob cisimi var, lakin onların xüsusiyyətləri əhəmiyyətli dərəcədə azaldılıb. Vərəmə qarşı peyvənd uşaq doğulduqdan 3-5 sutka sonra vurulur.

Ona qarşı əks-göstərişlər aşağıdakılardır:

  • Tənəffüs yollarının spazmına, arterial təzyiqin kəskin surətdə yüksəlməsinə gətirib çıxara bilən allergik reaksiyalar.
  • Doğuş sonrası zədələnmələr.
  • Yüksək hərarətlə müşayiət olunan xəstəliklər.
  • Ümumi xarakterli dəri zədələnmələri.

Vərəm əleyhinə vaksinin vurulduğu yerdə (sol çiyinin yuxarı üçdə bir hissəsi) lokal dəyişikliklər formalaşır. Peyvəndən bir ay sonra dəri şişə bilər, 3 aydan sonra –qabıqla örtülmüş yara, bir ildən sonra – 4-8 mm ölçüsündə çapıq əmələ gəlir.

Təkrar vaksinləmə yeddi yaşda həyata keçirilir.

 

Evdə vərəm xəstəsi olduqda, nə etmək lazımdır

Ailədə vərəm xəstəsi olduqda, bütün ailə üzvləri ehtiyat tədbirləri görməlidirlər. Yoluxmuş insanı ayrıca bir otaqda və ya şirmanın arxasında izolyasiya etmək tövsiyə olunur. Onun təmasda ola biləcəyi əşyaların sayını maksimum dərəcədə məhdudlaşdırmaq lazımdır.Evdəki bütün əşyaları hər gün dezinfeksiya etmək və təmizləmək lazımdır.

Xəstənin yatdığı otaqdan yumşaq oyuncaqları, xalçaları, pərdələri, lazımsız yastıqları götürmək lazımdır. Yumşaq mebeli xüsusi üzlüklərlə bağlamaq və onları vaxtaşırı olaraq qaynatmaq tövsiyə olunur. Evdə hərəkət edərkən, yoluxmuş insan (birqat və ya dördqat tənzifdən düzəldilmiş) maska taxmalıdır.