FƏQƏRƏARASI YIRTIQ
Fəqərəarası yırtıq
Fəqərəarası yırtıq – fibroz halqanın bütövlüyünün pozulması nəticəsində fəqərəarası disk nüvəsinin onurğa kanalına çıxmasıdır.
-
Fəqərəarası yırtıqların növləri
-
Fəqərəarası yırtıqların əlamətləri
-
Fəqərəarası yırtığın diaqnostikası
-
Fəqərəarası yırtığın müalicəsi
-
Risk qrupu
-
Fəqərəarası yırtığın profilaktikası
Fəqərələr sıx sümük toxumasından ibarətdirlər və, əgər onlar bir-birləri ilə birbaşa birləşili olsa idilər, onurğa lazım olan elastikliyə və hərəkətlilyə malik olmazdır. Onun bu xüsusiyyətlərini mərkəzlərində həlməşik nüvəyə malik olan fibroz-qığırdaq plastinlərindən ibarət olan fəqərəarası disklər təmin edirlər.Onlar onurğa sütunu və bütövlükdə bütün bədən üçün amortizatorlar kimi çıxış edərək fəqərələri birləşdirirlər. Disklərin hündürlüyü fəqərənin təxminən 1/3 hissəsini təşkil edir. Disklərdə degenerativ dəyişikliklər pulpoz nüvənin yerdəyişməsinə və fəqərəarası yırtığın əmələ gəlməsinə gətirib çıxarır, bu isə onurğa beyninin sinir köklərinin uzunmüddətli təzyiqinə və sıxılmasına səbəb olur.
Onurğa çox böyük yüklənməyə məruz qalır, ona görə də o möhkəm karkas formalaşdıran əzələlər və bağlarla möhkəmləndirilib. Məhz o insana öz bədənini şaquli vəziyyətdə saxlamağa və lazım olduqda onu əyməyə imkan verir. Əzələ karkasının vəziyyəti də fəqərəarası yırtıqların əmələ gəlməsində vacib rol oynayır – o zəif olduqda protruziyalar (çıxıntılar) daha asanlıqla formalaşır.
Fəqərəarası yırtıqların yaranmasının müxtəlif səbəbləri var, lakin onların hamısı onurğanın toxumalarında patoloji dəyişikliklərlə və ya ona düşən yüklənmənin artması ilə bağlıdır. Çox vaxt bu amillər birlikdə təsir edir.
Yırtıq protruziyalarının (çıxıntılarının) yaranmasına şərait yaradan onurğa problemləri aşağıdakılardır:
-
osteoxondroz;
-
duruşun (qamətin) pozulması (skolioz, kifoz, lordoz);
-
onurğa travmaları (hətta keçmişdə alınmış);
-
revmatik xəstəliklər;
-
anadangəlmə patologiya (məsələn, degenerativ bel stenozu);
-
toxumaların trofikasının pozulmasına səbəb olan yaşla əlaqədar dəyişikliklər.
Fəqərəarası yırtığa səbəb olan amillər:
-
ağır çəkilərin qaldırılması;
-
qəfil çevrilmə hərəkətləri;
-
fəqərələrin yerdəyişməsinə səbəb olan zərbə və ya yıxılmalar.
Vacib risk amillərindən biri onurğa sütununa düşən yüklənməni artıran artıq bədən kütləsi, eləcə də oturaq həyat tərzi, yəni daimi statik yüklənmələrdir. Fəqərəarası yırtıqların yaranması baxımından qəfil fiziki yüklənmələr, məsələn, müntəzəm şəkildə məşq etməyən insanın öz sağlamlıq durumuna fikir vermədən birdən idmanla məşğul olmağa qərar verməsi çox təhlükəlidir.
Fəqərəarası yırtıq onurğa sütununun heç bir patologiyası olmadığı halda mexaniki təsir nəticəsində yaranmışdırsa, onu birincili, ona meyillik yaradan xəstəliyin olması halında isə ikincili adlandırırlar.
Fəqərəarası disk yırtıqlarını müxtəlif əlamətlərə görə ayırırlar. Bu əlamətlərdən hər biri müalicə taktikasının müəyyən edilməsi üçün çox vacibdir.
Lokalizasiyaya görə:
-
Onurğa sütununun boyun hissəsinin fəqərəarası yırtığı (çox az hallarda rast gəlinir).
-
Döş hissəsinin fəqərəarası yırtığı (bütün halların təxminən 1/3 hissəsi).
-
Onurğa sütununun bel-sakrum hissəsinin fəqərəarası yırtığı (ən çox rast gəlinən formadır, çünki bu anatomik hissəyə daha çox yüklənmə düşür).
İrəli çıxan hissənin (protruziyanın) ölçüsünə görə:
-
Kiçik – boyun hissədə 2 mm-dək, bel hissəsində isə 4 mm-dək.
-
Orta – müvafiq olaraq 4 mm-dək və 7 mm-dək.
-
Böyük – 6 mm-dək və 9 mm-dək.
-
Nəhəng – 8 mm-dən 9 mm-dək.
Morfoloji mərhələlər:
-
Prolaps – diskin 3 mm-dək çıxması.
-
Protruziya –15 mm.
-
Ekstruziya – disk nüvəsinin düşməsi.
Topoqrafik təsnifat:
-
Daxili fəqərəarası yırtıq – protruziya onurğa beyninin kanalında yerləşir və onun bütövlüyü üçün təhlükə yaradır. Onun arxa-orta, arxa-yan və paramedial formaları ola bilər.
-
Foraminal fəqərəarası disk yırtığı – fəqərəarası (foraminal) dəlikdə yerləşir və onun içindən keçən sinir köklərini sıxır.
Anatomik təsnifat:
-
Sərbəst yırtıq – nüvə fraqmenti disklə əlaqəni saxlayır.
-
Azan, sekvestrasiya olunmuş fəqərəarası disk yırtığı – pulpoz nüvə tam olaraq onurğa beyninin kanalına düşür və disklə əlaqəni itirərək onurğa beyninin toxumalarını sıxmağa başlayır. Bəzi hallarda aseptik iltihabi prosesə səbəb olur.
-
Yerdəyişən disk yırtığı –yüklənmə və ya onurğa travması nəticəsində müalicəsi mümkün olan nüvə çıxığıdır.
Fəqərəarası yırtığın əsas əlamətləri ağrılar və nevroloji simptomlardır.
Lokallaşmadan və prosesin mərhələsindən asılı olaraq xəstəliyin klinik mənzərəsinin öz xüsusiyyətləri var.
-
Boyun hissəsinin fəqərəarası yırtığının simptomları. Pasiyent baş ağrılarından və başgicəllənməsindən şikayətlənir. Çiyində və ya qolda ağrı hissləri ola bilər. Barmaqlarda çox vaxt keyləşmə və paresteziyalar müşahidə olunur. Proses uzun müddət davam etdikdə koqnitiv pozuntular, yuxusuzluq, arterial təzyiqin sıçrayışları baş verir.
-
Döş hissəsinin fəqərəarası yırtığının simptomları. Döş hissəsində, çox vaxt statik yüklənmələr, qəfil hərəkətlər və dərin nəfəs alma zamanı kürəkarası ağrılar yaranır. Bəzən onları ürək ağrıları ilə səhv salırlar. Döş qəfəsi nahiyəsində keyləşmə hissi ola bilər. Onurğa sütununun əyilməsi əlamətləri ilə ağrı hisslərinin olması fəqərəarası disk yırtığının olub olmadığının müəyyən edilməsi məqsədi ilə diaqnostikanın keçirilməsi üçün göstərişdir.
-
Bel hissəsinin fəqərəarası yırtığının simptomları. Bel nahiyəsində ağrı (lümbalgiya) hərəkətləri məndudlaşdırır. Ayaqda ağrılar müxtəlif lokalizasiyaya malik ola bilər: ayaq pəncəsi, baldır, bud, çox vaxt onun arxa səthi üzrə (işalqiya). Ağrı çox vaxt keyləşmə ilə müşayiət olunur. Bəzən qasıq nahiyəsində lokallaşır, paralel olaraq kiçik çanaq orqanlarının funksiyalarının pozuntuları yaranır.
Özünüzdə oxşar simptomları aşkarladığınız halda, dərhal həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq onun fəsadları ilə mübarizə aparmaqdan daha asandır.
Yuxarıda göstərilmiş əlamətlərin müəyyən edilməsi zamanı belə bir sual yaranır "Hansı həkimə müraciət etmək lazımdır?". Bu xəstəliyin diaqnostikası və müalicəsi ilə nevroloq məşğul olur. Lazım olduqda, o sizi neyrocərrahın və ya manual terapevtin yanına istiqamətləndirə bilər.
Fəqərəarası yırtığın diaqnostikasının “qızıl standartı” maqnit-rezonans tomoqrafiyadır (MRT). O protruziyanı müəyyən etməklə yanaşı, onu ətraflı şəkildə təsvir etməyə imkan verir, bu isə müalicə taktikasının seçilməsi üçün çox vacibdir.
Fəqərəarası disk yırtığının müalicəsi onun ölçülərindən, mərhələsindən və klinik təzahürlərindən asılıdır. Əksər hallarda müsbət dinamika konservativ terapiyanın keçirilməsi zamanı müşahidə olunur və cərrahi müdaxilə tələb olunmur.
Fəqərəarası yırtığın əməliyyatsız müalicəsi özünə aşağıdakı tədbirləri daxil edir:
-
Gimnastika – xüsusi hazırlanmış fiziki çalışmalar kompleksinin müntəzəm şəkildə yerinə yetirilməsi protruziyanın yerinə düşməsinə və disklərin sabitləşməsinə kömək edir.
-
Fəqərəarası yırtıq zamanı masaj mütəxəssis tərəfindən yerinə yetirilməlidir, çünki o düzgün icra edilmədikdə vəziyyətin ağırlaşması ehtimalı var.
-
Traksion terapiya (uzatma) manual terapevt tərəfindən və ya fəqərəarası yırtığın müalicəsi üçün nəzərdə tutulmuş xüsusi trenajorların köməyi ilə həyata keçirilir. Bu üsulun mahiyyəti dartılma zamanı diskin içində yaranan boşalmadan ibarətdir, hansı ki nüvənin öz fizioloji yerinə qayıtmasına şərait yaradır.
-
Qeyri-ənənəvi terapiya: akupunktura, iynəbatırma, hirudoterapiya fəqərəarası yırtıq zamanı ağrını və iltihabı aradan qaldırmağa kömək edir.
-
Dərman terapiyasından ağrı hisslərini aradan qaldırmaq və iltihabla mübarizə aparmaq üçün istifadə olunur. Bu məqsədlə daha çox qeyri-steroid iltihabəleyhinə vasitələr (QSİƏV), bəzi hallarda isə - qlükokortikosteroidlər (QKS) təyin edilir. Çox vaxt kəskin dövrdə şişkinliyi tez bir zamanda aradan qaldırmaq və ağrını azaltmaq üçün sidikqovucu preparatlar tövsiyə edilir. Fəqərəarası yırtıq zamanı dərmanlardan yerli, və ya inyeksiyalar, həblər şəklində istifadə oluna bilər. Bundan başqa, iltihab yerinə qan axınını təmin edən “yayındırıcı terapiya – xardal yaxması, istiotlu plastır” da effektivdir.
-
Homeopatiya da fəqərəarası yırtığın müalicə sxemlərini təklif edir. Bəzi xarici ölkələrdə detoksikasiyaya, maddələr mübadiləsinin normallaşdırılmasına və orqanizmin müdafiə qüvvələrinin stimullaşdırılmasına əsaslanan homeosiniatriya üsulu geniş rəğbət qazanıb, onun nəticəsində iltihab və ağrılar aradan qalxır, diskin strukturu bərpa olur. Bu üsul homeopatiya ilə akupunkturanın kombinasiyasıdır – homeopatik preparatların bioloji aktiv nöqtələrə və ya triqqer zonalarına vurulmasıdır.
Fəqərəarası yırtığın aradan qaldırılması üzrə əməliyyatlar.
Fəqərəarası yırtığın cərrahi müalicəsi konservativ terapiya effektiv olmadığı halda və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldan güclü simptomlar zamanı təyin edilir. Hər bir cərrahi müdaxilə - bir travmadır və fəqərəarası yırtıqların operativ müalicəsi zamanı residiv riski yüksəkdir, buna görə də ondan yalnız ən ağır hallarda istifadə edilir.
Fəqərəarası yırtığın bir neçə aradan qaldırılma üsulu mövcuddur və, bugünkü gündə, müasir tibb daha yeni, daha effektiv və daha az travmatikliyə malik olan müalicə üsullarının axtarışındadır. Ənənəvi laminektomiyadan və diskektomiyadan daha az istifadə olunur, onların yerini mikrocərrahi müdaxilələr tutur.
Fəqərəarası yırtığın yaranması üzrə risk qrupuna aşağıdakı meyillik yaradan amilləri olan insanlar daxildirlər:
-
Onurğa sütununun əyilməsi və ona aid başqa xəstəliklər (ən çox osteoxondroz);
-
Artıq çəki;
-
25-50 yaş;
-
Oturaq iş;
-
Tez-tez ağırlıq qaldırmaq zərurəti.
Fəqərəarası yırtığın yaranması riskinin azaldılması üçün profilaktik tədbirlərə hipodinamiya ilə mübarizənin aparılması, onurğa əzələlərinin möhkəmləndirilməsi və onun elastikliyinin artırılması məqsədi ilə fiziki çalışmaların müntəzəm yerinə yetirilməsi daxildir. Fəqərəarası yırtığın əmələ gəlməsinin qarşısını almağa həmçinin yoqa, üzgüçülük və ortopedik döşəkdə yatmaq kömək edir.
Fəqərəarası yırtığın profilaktikası üçün fiziki çalışmalar kompleksi ilk növbədə onurğa sütununun əzələ korsetinin möhkəmləndirilməsinə və düzgün qamətin formalaşmasına yönəlir. Hətta müntəzəm şəkildə yerinə yetirilən sadə əyilmə-açılma çalışmaları belin asimmetriyasını azaldır, onurğanın elastikliyini yüksəldir və nəticə etibarilə yırtıqların əmələ gəlmə riskini azaldırlar. Adətən kompleks özünə bir neçə qarın əzələləri (pressə) üçün nəzərdə tutulmuş çalışmanı daxil edir. Bu əzələlər yırtıqların əmələ gəlməsinə ən çox meyilli olan onurğa sütununun bel hissəsinin möhkəmləndirilməsi üçün çox vacibdirlər.
Qamət (duruş) pozulduqda, bu problemlə aktiv şəkildə mübarizə aparmaq lazımdır. Uşaq yaşlarında, nə qədər ki sümüklər hələ elastikdir, hətta ciddi skoliozu belə müalicə etmək olar. Məhz uşaq yaşlarında fəqərəarası yırtığın inkişafı üçün zəmin yaradılır, buna görə də uşağa düzgün qaydada hərəkət etməyi öyrətmək vacibdir, xüsusən də yazı masası arxasındaməşğul olarkən.
Qadınlar üçün fəqərəarası yırtığın profilaktikası üzrə ayrıca bir tövsiyə var – hündür dabanlı ayaqqabılardan uzaq durmaq. Onlar bədənin fizioloji vəziyyətini dəyişərək onurğa sütununa düşən yüklənməni artırırlar.
Müalicəvi masaj onurğa toxumalarının qan təchizatını yaxşılaşdırır, yəni fəqərəarası disklərin trofikasının yaxşılaşmasına kömək edir. Bu yırtıq protruziyalarının yaranma riskini azaldır.
Onurğa sütununa düşən yüklənmənin azaldılması məqsədi ilə bədən kütləsinin normaya gətirilməsi çox vacib rol oynayır. Bunun üçün yağların qəbulunu məhdudlaşdırmaq, balanslaşdırılmış pəhrizə riayət etmək tövsiyə olunur. Hisə verilmiş məhsullar, konservantlar sümük və qığırdaq toxumasına mənfi təsir göstərirlər, onları qidalanma rasionundan çıxarmaq lazımdır. Vitaminlər və minerallar isə onurğa sütununu sağlam saxlamağa kömək edirlər.