Bədən şişkinliyi aradan qaldırmaq üçün bunları edin
Bədəndə ödem, yəni şişkinlik orqanizmdə maye həcminin artdığını göstərən haldır. Şişkinliklər bir çox hallarda ciddi xəstəliklərlə da ortaya çıxa bilər. Amma bəzən bu, hər hansı ciddi səbəbdən deyil, gündəlik həyat tərzində, qidalanmada yol verilən yanlışlarla bağlı olur. Üzdə, əl, ayaqlarda yaranan şişkinlik uzun müddət hərəkətsiz qalmaq nəticəsində də yarana bilər. Hərəkətsizlik limfa sistemini zəiflədir, bu isə bədəndən mayenin xaric olunmasını çətinləşdirir. Ona görə də belə hallarda hərəkətli olmaq, düzgün şəkildə idman etmək tövsiyə olunur.
Eyni zamanda bəzi dərmanlar da bədəndə şişkinlik yarada bilir. Ələlxüsus revmatik xəstəliklər zamanı qəbul edilən, təzyiqə qarşı olan preparatlar, həmçinin ağrıkəsicilər ödem yaratmaq xüsusiyyətinə də malikdir. Qadınlarda isə ən çox aybaşı zamanı şişkinlik artır.
Mütəxəssislər hesab edir ki, həyat tərzində edilən adi bir dəyişiklik şişkinliyi azaldır, hətta aradan qaldırır. Bu zaman əsas addımlardan biri duzlu qidalardan və karbohidratlardan imtina edilməsi, çörək, makaron məmulatları, düyü kimi qidaların qəbul olunmamasıdır.
Əvəzində ananas, gilas, ərik kimi meyvələr, cəfəri kimi göyərtilər, xiyar, pomidor kimi tərəvəzlər yemək məsləhət görülür.
Qatıq, kefir də bədəndə olan artıq mayenin təmizlənməsi üçün önəmli qidalardan sayılır.
Kalsiumla zəngin olan bu məhsullar bədəndə mineral balansını tənzimləyərək ödem yaranmasının qarşısını alır.
Bundan başqa, şişkinliyin olmaması üçün gündə ən azı 2-2,5 litr su içmək məsləhət görülür, kardioloji xəstə deyilsinizsə.