Dırnaq batması nədir - Qarşısı necə alınmalıdır?

26 Fevral 2019 13:35 | 13937
Dırnaq batması nədir - Qarşısı necə alınmalıdır?
Əsasən yetkinlik yaşlarında olan insanlarda daha çox rast gəlinən dırnaq batması - möhkəm dırnaq hissəsinin sıxışdırması nəticəsində yumşaq toxumada yaranan infeksiya səbəbindən əmələ gələn xroniki yaradır. 
 
Dırnaq batması ən çox ayaq barmaqlarında rast gəlinir. Barmaqda qızartı, şişkinlik və şiddətli ağrı ilə müşayiət olunur. Səbəbləri müxtəlifdir: barmaqları sıxan dar ayaqqabı geyinmək, dırnağı yanlış formada kəsmək, dırnağın təzyiqə məruz qalması, artıq çəkili olma səbəbindən dırnağın barmaq ətinin içinə batması və s. Bundan əlavə, bəzi hallarda dırnaqda olan göbələk, dırnaqətrafı toxumaların iltihabı, dırnağın uzanıb qalınlaşması da dırnaq batmasına səbəb ola bilər.
 
Necə müalicə edilir?  
 
Dırnaq batması müalicə baxımından iki cür olur: yenicə meydana çıxan və həftələrdir narahatlıq verib xronik yara əmələ gətirən dırnaq batması.  Birinci halda heç bir cərrahi müdaxiləyə ehtiyac olmur. Bu zaman dırnağın dəriyə batan hissəsinin altına kiçik bir pambıq parçası yerləşdirərək dırnağın ətə batmadan uzanmasını təmin etmək lazımdır.
 
İkinci halda isə dırnağın anormal böyüyən hissəsinin ətdən çıxarılması üçün kişicik cərrahi müdaxiləyə ehtiyac var. Bu zaman həm dırnaq, həm də iltihablı və şişkin yumşaq toxuma götürülür. Belə olduqda dırnağın yenidən uzanaraq ətə batması ehtimalı olduqca azalır. Yalnız dırnağı kəsərək zədəli toxamaya toxunulmadıqda isə bu halın yenidən yaşanacağını söyləmək olar. Bəzən xəstələr özləri dırnaqlarının kənarlarını kəsərək vəziyyət düzəltməyə çalışırlar. Ancaq bu zaman əksinə dırnaq daha çox ətə batır. Buna görə də, dırnaq batması halında vaxt itirmədən həkimə müraciət etmək lazımdı.  
  
Dırnağın yenidən ətə batmaması üçün bir sıra qaydalara riayət olunmalıdır:  
 
Ayaq dırnaq uzanınca yumru deyil düz şəkildə kəsilməlidir. Barmaqları sıxmayan ayaqqabı geyinmək məsləhətdir. Batma səbəbindən həmin nahiyədə infeksiya yaranıbsa, o zaman antibiotik tərkibli mazlardan istifadə etmək, ayaqları quru və təmiz saxlamaq lazımdır.