Epilepsiyası olan qadın ana olmaq olarmı?
“Epilepsiya xəstələri hamilə qala bilər və dünyaya sağlam uşaqlar gətirə bilər. Epilepsiya xəstəsi olmaq övladınızın da epilepsiya olacağı demək deyil”.
Bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva açıqlayıb.
Bəs epilepsiya xəstəsi ana olmaq istəyirsə və ya hamilədirsə nə etməlidir?
Həkimin bununla bağlı əsas məsləhətləri bunlardır:
Kontrolsuz şəkildə planlaşdırmadan hamilə qalmayın. Hamiləlikdən ən azı 3 ay əvvəl həkiminizlə görüşüb dərmanın dozasını ayarlayın və folium turşusu içməyə başlayın.
Bu vəziyyət dərmanların körpənizdə yarada biləcəyi əks təsirləri ən minimuma çatdıracaq. Əgər plansız olaraq artıq hamiləlik baş veribsə, ilk növbədə həkiminizə müraciət edin və həkiminiz söyləmədən dərmanların qəbulunu dayandırmayın.
Hamiləlik tutmalara təsir edə bildiyi üçün həkiminizin təyin etdiyi dozada dərmanlarınızı qəbul etməyə davam edin. Unutmayın ki, epileptik tutmanız və bu anda yıxılmaq, harasa dəymək kimi hallar körpənizə zərər verə bilər.