Hamiləlik zamanı cinsi əlaqə. Nələri bilməliyik?
7 Sentyabr 2019 15:41 | 1775
İnsanda aclıq, susuzluq, özünü müdafiə kimi instinktlərlə yanaşı, məqsədi insan nəslini davam etdirmək olan cinsi instinkt də vardır. Bu instinkt insanın libido (cinsi istək) adlı daxili enerjisini aktivləşdirir. Fərdin ehtirası bu enerjidən qaynaqlanır.
Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun hamiləlikdə cinsi əlaqə haqda ətraflı açıqlamasını təqdim edirik:
"Hamiləlik müddəti qadın orqanizmində fiziki və ruhi dəyişikliklərin meydana gəldiyi müddətdir. Libido (cinsi istək) bu dəyişikliklərlə əlaqədar hamiləliyin bəzi müddətlərində azala, bəzi müddətlərində isə normala qayıda və hətta arta bilər. Libidodakı dəyişikliklər gələcək anada daha qabarıqdır, gələcək atada isə libido dəyişikliyi adətən minimaldır və ya heç bir dəyişiklik müşahidə olunmur.
Hamiləlik zamanı cinsi əlaqə aşağıdakı hallarda məhdudlaşdırılmalıdır:
Əvvəlki hamiləliklərdə: adəti düşük, vaxtından qabaq doğuş, uşaqlıq boynu çatışmazlığı və bununla əlaqədar vaxtından qabaq doğuş və ya düşük təhlükəsinin olması
Hazırkı hamiləlikdə: düşük təhlükəsi, vaxtından qabaq doğuş təhlükəsi, dölyanı mayenin vaxtından qabaq axması, vaginal qanaxma, genital nahiyədə infeksiya kimi kənara çıxma halları olan qadınlar bu hallar aradan qalxana qədər cinsi əlaqədə olmamalıdırlar. Cinsi əlaqənin qadağan olunduğu müddət həkim tərəfindən müəyyənləşdirilir.
Döldə ağır inkişaf ləngiməsi və ya başqa səbəblə əlaqədar fetal distress riski yüksək olan hamilələr də həkimin təyin etdiyi müddətdən sonra cinsi əlaqədə olmamalıdırlar.
Bu risk faktorları olmayan hamilələrə cinsi əlaqə qadının özünü narahat hiss etməməsi şərti ilə bütün hamiləlik boyu icazə verilir.