Hərarətin dərmansız salmağın YOLLARI
1 Aprel 2019 11:03 | 594
Soyuqdəymə və qripp zamanı bədən hərarəti artır və əksər insanlarda narahatçılığa səbəb olur.
Hərarətin artması tam normal təbii prosesdir, orqanizmin müdafiə mexanizmidir. Hərarətin artması insanın immun sisteminə daha fəal işləməyə kömək edir ki, nəticədə insan daha tez sağalır. Bu səbəbdən həkimlər ağır xroniki xəstəlikləri olmayan cavan insanlara 38,5 C qədər hərarəti salmağı tövsiyə etmirlər.
Hərarət 38,5 C qalxdıqda isə dərhal dərmanlara əl atmayın. Hərarət salan dərmanların əksər hissəsinin müxtəlif yanaşı təsirləri var. İlk növbədə hərarəti fizioloji üsullarla salmağa çalışın. Bu üsullar uşaqlara da uyğundur.
1. Yüksək hərarəti olan insan az hərəkət etməli, uzanmalıdır. Hərəkət bədən hərarətinin artmasına gətirib çıxardır.
2. Xəstənin paltarı mümkün qədər yüngül olmalı, otağın temperaturu 18-20 C olmalıdır. İsti yorğan, otağın isti havası hərarətin artmasına səbəb olacaq.
3. İlıq suda dəsmal isladın və xəstənin bədənini yüngül sürtün. Bu sadə üsul hərarətin düşməsinə kömək edir. Soyuq sudan istifadə etməyin, bu damarların sıxılmasına və hərarətin daha da artmasına səbəb olacaq.
4. Alın, gicgahlar, qolaltı, qasıq büküşlərinə ilıq suda (20-22 C) isladılmış kompreslər qoyun. Kompresləri hər 10 dəqiqədən bir dəyişin.
5. Çoxlu maye qəbul edin. Bu limon, moruq və ya zoğal mürəbbəsi əlavə olunmuş su, itburnu dəmləməsi, nanə və ya çobanyastığı çayı, ballı-zəncəfilli çay ola bilər. Çay, qəhvə, şirin içkiləri qəbul etmək tövsiyə edilmir.
6. Adətən hərarətin yüksəlməsi zamanı iştaha azalır. Xəstəni zorla yedizdirməyin. Qida qəbulu hərarəti artırır.
Fizioloji üsullar kömək etmirsə və hərarət artırsa, tərkibində ibuprofen və ya parasetamol olan hərarət salan dərman qəbul edin.