İlan sancmasında tədbirlər

2 İyun 2019 16:09 | 523
İlan sancmasında tədbirlər
Havalar istiləşdikcə ilansancma təhlükəsi də artır.  Hər il xeyli sayda insanı ilan sancır.  Nəticə isə bəzi hallarda ölüm olur. Bunun səbəblərindən biri də məhz ilkin yardım qaydalarından bixəbər olmaqdır.
Zəhərli ilanı zəhərsiz ilandan fərqləndirən əlamət-göz bəbəkləridi. Zəhərsiz ilanlarda onlar yumrudu, zəhərlidə şaqulidi ("pişik gözü"). Eyni zaman dişləmələri də fərqlənir. Zəhərli ilanın dişlənməsindən sonra dişlək yeri 5-15 dəqiqəyə ödem olur, kəskin ağrı hiss olunur və hərarət yüksəlir.

Sözügedən zəhərli sürünənlərin sancması zamanı bir sıra əlamətlər biruzə verir:

 
•    Sancma yerində qızartı

•    Şişkinlik
•    Göyərmə
•    Həmin yerdə keyimə
•    Ürəkbulanma
•    Qusma
•    Soyuq tər
•    Nəfəs almada çətinlik

İlansancma zamanı ilkin tibbi yardım düzgün ediləndə nəticə ağır olmaya bilir. Bunun üçün ilkin olaraq həmin şəxsi sakitləşdirməyə çalışın. Çox hərəkət zəhərin daha tez yayılmasına şərait yaradır.  Pasiyentin uzanması üçün şərait yaradın. Əl altında olan ləvazimatlardan istifadə edərək zədələnmiş yerə şina qoyun, daha sonra yaradan zəhərin xaric edilməsi təmin edilməlidir. 3+5 dəqiqə ərzində yaranı sıxaraq zəhəri yaradan çıxartmağa çalışmaq lazımdır.
 
Sorma üsulu ilə zəhərin müəyyən hissəsini çıxarmaq mümkündür. Bunun üçün isə iki şərt əsasdır. Belə ki, ilansancma zamanı 5-10 dəqiqə ərzində zəhəri sormaq mükündür. Diqqət edilməli əsas məqam isə zəhərin çıxarılmasını icra edən şəxsin ağzında yara, sıyrıq, dişlərində kariyes, çürük olmamalıdır.
 
Zəhərin sovrulmasından başqa üsullar da var. Belə ki, yara üzərinə xörək duzu məhlulu ilə isladılan, təmiz tənzif qoyulmalıdır.  Unutmamaq lazımdır ki, yara ətrafına sıxıcı sarğı vurmaq və yaxud həmin nahiyəni kəsmək və yaxud buz qoymaq, yandırmaq olmaz. Xəstəni həmin dəqiqə xəstəxayana aparmaq lazımdır. İlan dişlərinin izi görünürsə 12 saat müşahidə altında saxlanmalıdır. Əl altında antihistamin preparat varsa, qəbul edilməlidir. Çox miqdarda maye içilməlidir.