İsti havada irəyi xəstə olanların nəzərinə
11 İyun 2019 22:42 | 553
Sinoptiklər yaxın günlərdə Azərbaycanda 40 dərəcəyə yaxın istilər vəd edir. İsti hava isə hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli ola bilər.
Günəş altında, açıq havada daha çox vaxt keçirməyə can atan insanlar orqanizmini necə bir yük altında qoyduğunun fərqinə varmır.
Çox ürək xəstələri isə isti havalarda sərin, buz kimi evdə qalmağı seçir amma yenə də özünü pis hiss edir.
İsti bədənə necə təsir edir?
Bir çoxumuzun orqanizmi çox isti hava ilə nadir halda təmasda olur, xüsusən qışdan, yazdan çıxmış bədən alovlu istini qarşılamağa hazır olmur. Xüsusən şəhər əhalisi çox vaxt optimal və komfortlu orta temperaturda yaşayır.
Baxmayaraq ki, el arasında isti sümükləri sındırmır, soyuqdan qorunmaq lazımdır fikri dolaşır, əslində elə deyil. Çox isti hava insanın motor sistemi olan ürək-damar üçün problemlər yaradır.
Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və orqanizmin su itkisini artırır.
Bu su ilə birgə lazımmi elementlər, minerallar –natrium, maqniy, kalium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə ürəyə qan dövranı miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Maye azlığı nəticəsində ürək əzələləri daha tez-tez yığılıb açılmağa başlayır.
Qanın tərkibi dəyişir
Qanın maye hissəsi plazma istidən azalır, bu da qanın laxtalanmasını artıraraq, tromb, tromemboliya, ürək tutulması yaradır. Sağlam insanın ürəyi istiyə yorğunluq, halsızlıq və təngnəfəsliklə reaksiya verir. Ürəyi zəif və xəstə olanlarda isə vəziyyət həyati təhlükəli ola bilər. Ən təhlükəlisi infarkt və tromboemboliyadır.
Çox isti havalarda hətta müasir dərmanlar da təsir etmir.
Həkimlər ilk növbədə bir dəfə infarkt, insult keçirmiş və yaşı 50-70 arası olanların ehtiyatlı olmasını tövsiyyə edir. Eləcə də ailəsində ürək xəstəliyi olan gənclər isti havalarda bu riski nəzərə almalıdır.
Statistika göstərir ki, düzgün seçilmiş qida, rejim, su və gəzmək, məşqlər problemləri xeyli həll edir.
Qadağalar
•Ürəyi zəif olanların isti havada uzaq yola, dağa-bağa, dənizə, kabab yeməyə getməsi arzu olunmur.
•Eləcə də isti havada, gündüz alkoqol içib, ağır qidalar qəbul etmək olmaz.
•Belə qidalanmaya ürək əlavə güc sərf edir.
•Həkimlər ürək dərmanı qəbul edənlərə isti havalarda məclis masasına oturmağı qadağan edir.
•Quzu və mal əti toyuq ətinə, quş ətinə, dəniz məhsullarına əvəz olunmalıdır.
•Xörəklər az yağ və az duzda hazırlanmalıdır
•Yeməklər çox və isti yeyilməməlidir
•Yola çıxanda bir butul su və antihipertenziv tablet, yəni təzyiq əleyhinə dərman götürülməlidir.
•Eləcə də üzə, boyuna fısqırtmaq üçün butulda su
•Metro və avtobusa yelpik və cib ventilyatoru ilə girmək lazımdır
•Susuzluğu yatırtmaq üçün qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil.
•Suyu az-az, tez-tez içmək lazımdır
•Ürəyi zəif olanlar sıx alt geyimi, rezinli geyimlər, sintetik parçalar istifadə etməməlidir
•Mütləq başında papaq və ya çətirlə gəzməlidir
•Evdə və işdə kondinsioner varsa, hava nəmləndirici vasitə də alınmalıdır
•Saat 1-5 arası uzun yol getmək olmaz
•Bütün vacib işləri səhər 12-ə kim, axşam 6-dan sonraya həll edin