Kök uşaq-sağlam uşaq anlamına gəlmir-Valideynlərə xəbərdarlıq!

14 Yanvar 2020 21:21 | 1297
Kök uşaq-sağlam uşaq anlamına gəlmir-Valideynlərə xəbərdarlıq!

"Toppuş görünən, artıq kalori ilə yüklənərək, kökəldilən uşaqlar gələcəkdə çox ciddi xəstəliklərlə bağlı risk qrupuna daxildir".

 

Bunu həkim-pediatr Günay Rəsulova bildirib.

 

Həkimin sözlərinə görə, ailələrin nəzərində "yaxşı baxaraq" yetişdirilən kök uşaqları əslində gələcəkdə şəkərli diabet, atereoskleroz, ürək-qan damar sistemi, piylənmə, mədə-bağırsaq sistemi xəstəlikləri və s. kimi "sürprizlər" gözləyir: “Köklük boy inkişafını ləngidən əsas səbəblərdən biridir. Belə uşaqlar boy inkişafındanda geri qala bilər. Arıq uşaq deyib, göz süzdürüb keçdiyiniz "cinbalalar"isə, daha sağlam, daha hərəkətli, normal, gələcəyi üçün heç bir qorxulu risklərə malik olmayan uşaqlardır”.

 

Analara müraciət edən pediatr qeyd edib ki, bütün günü əlində boşqab, uşağın ardınca gəzib hər fürsətdə yedirməyə çalışmaq həm uşağın, həm də ananın psixologiyasını pozur: “Toppuş uşaq böyütməklə siz əslində heç də "uşağa yaxşı baxan ana" hesab edilmirsiniz. Bu düşüncədən azad olaraq, uşağı rejimlə, istəyinə, qida seçimlərinə hörmət edərək, məcbur etmədən, yediyi qidanın miqdarı ilə kifayətlənməklə onunla daha sağlam münasibət qura və daha sağlam böyüməsinə səbəb ola bilərsiniz”.