Nikaha daxil olmaq istəyən 74 nəfərdə QİÇS aşkarlanıb
Azərbaycanda son 10 ayda nikaha daxil olmaq istəyən 117 500 nəfər müayinə edilib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, nikaha daxil olmaq istəyən 6521 nəfərin talassemiya daşıyıcı, 74 nəfərin QİÇS, 363 nəfərin isə sifilis xəstəsi olduğu aşkarlanıb. Onun sözlərinə görə, 50 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb:
“Bunlardan 5-6 cütlük nikaha daxil olmaqdan imtina edib. Ancaq xəstə cütlüklərdən ailə quranlar da var ki, hətta onlardan 6-da hamiləlik müşahidə edilir. Həmin cütlüklərdən birində dölün perinatal diaqnostikası aparılıb və nəticədə döldə xəstəlik aşkarlanıb. Həmin gənclər hamiləliyi pozmağı qərara veriblər. Digər 5 dölün də müayinəsi aparılıb, onların heç birində xəstəlik aşkar edilməyib”.
Direktor əlavə edib ki, nikaha daxil olmaq istəyən gənclər arasında müayinəyə gələnlərin sayı artıb. Z.Əlimirzəyevanın sözlərinə görə, instituta 3-cü uşağın hamiləliyindən imtina etmək istəyən bir ailə də müraciət edib:
“Həmin ailənin artıq 2 övladları var, onlardan 1-i sağlam, 1-i isə xəstədir. Həmin ailə 3-cü övladı gözləyirdi. İranda dölün müayinəsi - perinatal diaqnostikası aparılıb və nəticəsində uşağın xəstə olduğu aşkarlanıb. Həmin ailə də hamiləliyi pozmağa qərar verib. Nəticədə ailə 3-cü xəstə uşaqdan imtina edib”.