Qan qrupuna görə ən dəqiq pəhrizlər - Sağlamlıq və arıqlamaq üçün

2 Dekabr 2018 20:51 | 1744
Qan qrupuna görə ən dəqiq pəhrizlər - Sağlamlıq və arıqlamaq üçün

İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son vaxtlar psixoloq və hematoloqlar temperamentin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Mütəxəssislərin fikrincə, qan xarakterə, davranışa və hətta hisslərə təsir göstərir.

Qan qrupları ilə əlaqədar olan araşdırmalar daha çox yapon alimlərinə məxsusdur. Hələ 1931-ci ildə yapon alimi Furukava Takeşi qan qrupu ilə fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponlar bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyar olanı "qan qrupun hansıdır?" sualıdır. Onların fikrincə, qan qrupu insan xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.

Lakin təkcə xarakter və fərdi keyfiyyətlər deyil, insanın qida rejimi də qan qrupu ilə bu və ya digər şəkildə əlaqədardır. Diyetoloqlar hətta pəhriz saxlayarkən də qan qrupunu əsas götürürlər.

Pasiyent.az ayrı-ayrı qan qrupları üçün pəhrizləri təqdim edir.

I qrup

Bu qədim qan qrupunun tarixi insanların ətlə qidalandıqları vaxta gedib çıxır. I qan qrupuna aid olan insanları həkimlər ovçu adlandırırlar. Onlar asanlıqla arıqlaya bilərlər. Pəhrizlə yanaşı fiziki aktivlik böyük rol oynayır. I qan qrupuna aid olanlarda həzm prosesi yaxşı gedir, amma yeməklərdə kəskin dəyişikliklər onlara pis təsir edir.

Menyu: Brokkoli kələmi, ispanaq, qırmızı soğan, qırmızı bibər, baş kələm, qabaq, cəfəri, kəvər, zeytun, bostan kələmi, mal əti, quzu əti, dana əti, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz və qaraciyər. Həmin qidalarla gündə 3-5 dəfə qidalanmaq olar.

Yemək olmaz! Un məmulatları, süd, mərci, yerfındığı yağı, lobya, brüssel kələmi, gül kələmi və şampinyon.

Fiziki hərəkətlər: Aerobika, qaçış, gimnastika, velosipeddə gəzmək.

Səhər yeməyi

Alma cemi ilə 1 dilim quru çörək, ilıq bişmiş yumurta, 1 stəkan ananas şirəsi

Nahar

Yaşıl üzümlə qaynadılmış toyuq filesi, qoz, yoqurt

Qəlyanaltı

Qaynadılmış düyü, 1 stəkan meyvə şirəsi

Şam yeməyi

250 qram balıq, qaynadılmış brokkoli kələmi və yaşıl çay

II qrup

Heyvan qıtlığı başlayandan sonra insanlar acından ölməmək üçün başqa yemək növləri axtarmağa başladılar və bu qan qrupunun yaranması da həmin vaxta təsadüf edir.

II qan qrupundan olanlar ilk vegetarianlar adlandırılır. Onların əsas pəhriz növü də vegetariansayağı olmalıdır. Əsasən təzə tərəvəzlər və meyvələrə üstünlük verilməlidir.

Menyu: Balıq, tərəvəz (şampinyon, kələm və badımcandan başqa), meyvələr (banan, naringi, yemişdən başqa) yemək olar. Gün ərzində 3-5 dəfə qida qəbul etmək lazımdır.

Yemək olmaz! Ət, pendir, ağ undan hazırlanmış çörək.

Fiziki hərəkətlər: Yoqa, qolf, tez-tez piyada gəzmək, üzgüçülük, aerobika.

Səhər yeməyi

Südlə qarışdırılmış 4 qaşıq qarğıdalı yumruları, meyvə və meyvəli çay

Nahar

Kahı, qırmızı soğan, kərəviz, xiyar, təzə nanə, sous və limon şirəsi, 1 hissə quru çörək, yaşıl çay

Şam yeməyi

150-200 qram balıq, 1 dilim çovdar çörəyi

III qrup

Bu qan qrupu insanlar köçəri həyat tərzi keçirməyə başladıqları vaxtdan əmələ gəlib. Həzm prosesində heç bir problem olmadığından onlar hər bir dəyişikliyi asanlıqla qəbul edirlər. III qan qrupuna aid olanların süd məhsullarına üstünlük vermələri məsləhət görülür. Çox nadir hallarda onlarda artıq çəki problemi olur, amma çox kalorili yeməklərdən uzaq olmaları məsləhətdir.

Menyu: Kök, brüssel kələmi, gül kələmi, qırmızı bibər, şəkər çuğunduru, badımcan, quş əti, qaraciyər, dəniz və süd məhsulları.

Yemək olmaz! Toyuq əti, qoz, mərci, qabaq, zeytun, kokos, buğda unundan hazırlanmış məhsullar, rəvənd.

Fiziki aktivlik: Aerobika, tennis, piyada gəzmək, velosiped sürmək, üzgüçülük, qaçış.

Səhər yeməyi

Süddə bişmiş 3 qaşıq düyü, ilıq bişmiş yumurta, yaşıl çay

Nahar

Soyutma ət, kahı, meyvəli çay və ya kofe

Qəlyanaltı

Meyvəli yoqurt

Şam yeməyi

50 qram balıq, yoqurt

IV qrup

Alimlərin "tapmaca" adlandırdıqları ən cavan qan qrupu olan IV qan qrupunun əmələ gəlməsini müxtəlif qan qrupuna məxsus insanların birləşməsi ilə əlaqələndirirlər. Həzm sistemləri çox həssasdır. Bu qrupdan olan insanlara daha çox tərəvəzli pəhriz məsləhət görülür.

Menyu: lobya, yaşıl tərəvəzlər, quş əti, yoqurt, pendir, makaron, balıq, ananas.

Yemək olmaz! Donuz əti, kərə yağı, süd, qırmızı bibər, turp, banan, armud, buğda unundan hazırlanmış məhsullar.

Fiziki hərəkətlər: Yoqa, velosiped sürmək, tez-tez piyada gəzmək.

Səhər yeməyi

Bir stəkan su ilə qarışdırılmış limon şirəsi, 2 dilim quru çörək, kofe və ya bitki çayı

Nahar

Qızardılmış hind quşu filesi, qaynadılmış gül kələmi və yaşıl çay

Qəlyanaltı

Az kalorili meyvəli yoqurt

Şam yeməyi

Qaynadılmış balıq, sarımsaqlı təbii yoqurtdan hazırlanmış sous.